Misirin İsmailiyyə şəhər Məhkəməsi Süveyş kanalında 6 gün yolu bağlayan “Ever Given” konteyner daşıyan gəminin müsadirə edilməsi haqqında qərar çıxarıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli “Shorouk” qəzeti yayıb.
Məhkəmənin qərarına əsasən, konteyner daşıyan şirkət 900 milyon ABŞ dolları məbləğində kompensasiyanı ödəyəcəyi halda gəmi sahibinə qaytarılacaq. Bu müddət ərzində gəmi nəzarət altında qalacaq. Operator şirkətə ondan istifadə qadağan edilib.
Qeyd edək ki, gəmi martın 24-də kanalın 151-ci km-liyində saya oturub. “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. 25 neft tankeri də daxil olmaqla 422 gəmi yalnız aprelin 3-də Süveyş kanalından keçə bilib.