Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş vermiş münaqişə nəticəsində ölkənin 36 vətəndaşının həlak olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ölənlərin 3-ü hərbi qulluqçudur. Münaqişə zamanı daha 183 nəfər xəsarət alıb.
Eyni zamanda Tacikistan mətbuatı da münaqişə nəticəsində ölkənin 19 vətəndaşının həlak olduğunu, 88 nəfərin xəsarət aldığını bildirib. Bildirilir ki, həlak olanlardan 9-u hərbi qulluqçudur.
Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev daha əvvəl bildirib ki, iki ölkə mayın 9-a qədər 112 kilometrlik ümumi sərhəd xəttini çəkəcək. Onun sözlərinə görə, sərhədin bir neçə mübahisəli məntəqəsi razılaşdırılıb.
İki ölkənin prezidentləri yaxın vaxtlarda görüşəcək və razılaşmanı imzalayacaqlar, bundan sonra demarkasiya keçiriləcək.
Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu 970 kilometrdən çoxdur. Bu məsafənin 504 kilometri demarkasiya edilib.