Tailandın Baş naziri və Müdafiə naziri Prayut Çan Oça koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin daha bir ay müddətinə - avqustun 31-dək uzadılmasını zəruri sayır.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.
O söyləyib ki, bu, yalnız pandemiyanın təsirini azaltmaq məqsədilə atılacaq addımdır və heç kim buna şübhə etməsin.
Beləliklə, ölkədə fövqəladə vəziyyət rejimi dördüncü dəfə uzadıla bilər. Bu məsələ ilə bağlı son qərarı Nazirlər Kabineti verməlidir.
Xatırladaq ki, Tailandda koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejimi ilk dəfə martın 26-da baş nazir tərəfindən elan edilib. Rejim əvvəlcə aprelin 30-dək tətbiq edilib, ardından üç dəfə uzadılıb.
Bu günə qədər Tailandda yeni növ koronavirusa yoluxanların ümumi sayı 3,2 min nəfəri keçib, 3 mindən çox insan sağalıb, 58 nəfər ölüb.