Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" Rusiya Prezidenti Vladimir Putinin radikal hərəkatının adının terror təşkilatları siyahısından çıxarılması ehtimalı ilə bağlı sözlərini alqışlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahar Balhi bildirib.
"Əfqanıstan İslam Əmirliyi”nin Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin əmirlik liderlərinin adlarının qara siyahıdan çıxarılması ilə bağlı açıqlamalarını alqışlayır. Müharibə başa çatdıqca dünya xalqları da Əfqanıstana münasibətlərində müsbət dəyişikliklər etməlidirlər. Biz qarşılıqlılıq prinsipinə əsaslanaraq beynəlxalq birliklə yaxşı münasibətlər qurmağa çalışırıq ", - “Taliban” nümayəndəsi özünün tvitterdəki səhifəsində yazıb.
Qeyd edək ki, oktyabrın 21-də “Valday” Beynəlxalq Klubunun iclasında çıxış edən Putin “Taliban”ın adının terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyünü etiraf edib və rəsmi Moskvanın mövqeyinin bu istiqamətdə irəliləməkdən ibarət olacağını vurğulayıb.