Jurnalist Malik Ayyub Sumbalın ermənilərin işğalçılıq siyasətindən bəhs edən “Tovuzdan Qarabağa" (“Tovuz to Karabakh”) kitabı ABŞ-ın Florida ştatının ikinci böyük şəhəri olan Mayamidə yerləşən “Holokost Xatirə Muzeyi”nə hədiyyə olunub.
“Report”un yerli bürosu xəbər verir ki, nəşri muzeyə Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova təqdim edib.
O, muzeyin rəhbərliyi ilə görüşüb. T.Eminova Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən bəhs edən kitab haqqında muzey rəsmilərini məlumatlandırıb: “Muzey rəhbərliyi ermənilərin günahsız azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayətlərdən xəbərdardılar. Bu səbəbdən də kitabın muzeyə hədiyyə olunmasını yüksək qiymətləndirdilər”.
Qeyd edək ki, ABŞ-ın bir neçə böyük şəhər və ştatında fəaliyyət göstərən “Holokost Xatirə Muzey”lərini hər il on milyonlarla insan ziyarət edir.
Vüsalə Abbasova