ABŞ prezidenti Donald Tramp koronavirusun yayılmasının fonunda ölkə sakinlərinin gəlirlərindəki böyük fərqlərdən narahatlığını ifadə edib.
“Report” xəbər verir ki, Ağ Ev rəhbəri özünün “Twitter”dəki hesabında “Business Insider” portalının 40 milyon amerikalının koronavirus pandemiyası zamanı işsizlik müavinəti ilə bağlı müraciət etməsi xəbərini yerləşdirib. Qeyd edilir ki, eyni zamanda milyarderlərin səhmlərinin xalis dəyəri də yarım trilyon ABŞ dolları artıb.
"Gəlirlərdə çox böyük fərq. Dəyişikliklər yaxın vaxtlarda tətbiq edilməlidir", - Tramp bildirib.
İyulun 30-da “Urban Institute”nin ekspertləri belə nəticəyə gəliblər ki, əgər Konqres ailələrə yardım proqramını genişləndirməsə, təxminən 12,2 milyon amerikalı yoxsulluq həddində olacaq. Əgər işsizliyə görə müavinətlər təsdiqlənməsə, stimulların ikinci paketi qəbul edilməsə və SNAP (ərzaq talonları proqramı) çərçivəsində qidalanma məhsullarının alınmasına aylıq dotasiyalar artırılmasa, 2020-ci ilin son 5 ayında yoxsulluğun səviyyəsi 11,9 faiz artacaq. Tədqiqatçılar iddia edirlər ki, yoxsulluğun qarşısının alınması üzrə ən effektiv tədbir adambaşına 1 200 ABŞ dolları və ailəyə 2 400 ABŞ dolları olmaqla, birbaşa ödəmələr olacaq.