Tunis hökuməti ölkəyə gələn əcnəbi turistləri icbari karantinə göndərməyə qərar verib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Belə ki, 1 fevral 2021-ci il tarixdən etibarən bütün səyahətçilər ölkəyə gəlməzdən əvvəl ən uzağı 72 saat əvvəl verilmiş koronavirus üçün mənfi PZR testi təqdim etməlidirlər. Həmçinin ölkəyə səfərə gələnlər müşahidə-hotellərindən birində öz hesablarına yeddi günlük karantinə salınacaqlar.
Özünütəcriddən sonra onlar COVID-19 ilə bağlı növbəti ödənişli test verəcəklər. Bu test mənfi nəticələnərsə, istirahət edənlər xüsusi hoteldən çıxa biləcəklər.
Tunisdə təxminən 200 min koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 6 min nəfər COVID-19 qurbanı olub.