Rəsmi Ankara Avropa Parlamentinin Türkiyə üzrə hesabatını rədd edib və bildirib ki, Avropa Birliyinə (AB) üzvlüyü əvvəlki kimi özünün strateji hədəfi hesab edir.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Türkiyənin AB üzvlüyü perspektivi əsasında Türkiyə-AB əlaqələrini canlandırmaq üçün səylərin göstərildiyi bir vaxtda qəbul edilən bu birtərəfli və heç bir şəkildə obyektiv olmayan hesabat qəbuledilməzdir. Biz yalnız insan hüquqları haqqında deyil, demokratiya, qanunun aliliyi, dövlətimizin siyasi sistemi və siyasi partiyalar, həmçinin Türkiyənin təsirli xarici siyasətini bir təhdid olaraq qiymətləndirən bu qərəzli mətni rədd edirik", - Türkiyə xarici siyasət idarəsinin xəbərində qeyd edilir.
Türkiyənin Xarici İşlər Nazirliyində əlavə ediblər ki, rəsmi Ankara bütün Avropa üçün əlverişli olacaq Avropa Birliyinə üzvlüyü özünün strateji hədəfi hesab edir. "Türkiyə bu hədəfə uyğun olaraq öz səylərini qətiyyətlə davam etdirəcək”, - bəyanatda vurğulanır.