Kiyevdə Ukrayna Dövlət Milli Uşaq Kitabxanasında Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə mədəniyyət günü təşkil olunub.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə başlanan təqdimata xarici ölkələrin səfirlikləri, Ukraynanın dövlət rəsmiləri, diaspor və mədəniyyət xadimləri, İrpendə akademik Zərifə Əliyeva adına Linqvistika liseyinin şagird və müəllim heyəti qatılıblar.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, ölkəmiz müstəqilliyinin ilk illərində xüsusən də torpaqlarının Ermənistan tərəfindən işğalına görə böyük çağırışlarla üzləşib, ciddi sınaqlardan keçib. Bildirib ki, o vaxtlarda Azərbaycanı tam tənəzzüldən Ümummilli Lider Heydər Əliyev xilas edib, bundan sonra ölkəmizin inkişaf dövrü başlayıb. Səfir bu gün azərbaycanlıların Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi və inkişaf yolunda inamla irəliləməsini fəxrlə ukraynalılara çatdırıb. Səfir iştirakçılara Bakıda keçiriləcək COP29 haqqında ətraflı məlumat verib, həmçinin müharibə dönəmində Azərbaycan dövlətinin Ukraynaya humanitar yardımları, bərpa, yenidənqurma işlərində iştirakı barədə danışıb.
Ukrayna Milli Uşaq Kitabxanasının direktoru, ictimai xadim Alla Qordienko “Report”a bildirib ki, Ukrayna dili slavyan xalqları arasında dərin kökə malik olduğu kimi, Azərbaycan dili də türkdilli xalqlar arasında dərin kökə malikdir: “Ona görə də bizim mədəni əməkdaşlığın kökü və mahiyyəti böyük əhəmiyyət kəsb edir. Dövlət kitabxanasının Azərbaycan səfirliyi ilə rəsmi əməkdaşlığı bir ilə söykənsə də, Azərbaycan ili mədəni əməkdaşlığımız çoxdan həyata keçirilir. Gənclər arasında, milli kitab mübadiləsi, müxtəlif telekörpülər və s. həyata keçirilir. Bu yeni nəsillərimiz arasında əlaqələrin inkişafına dəstək verir. Hər iki xalqın böyük tarixi var. Ona görə də bu iki xalqın yeni nəslinin bir biri ilə mübadiləsi bütün dünya mədəniyyətinin tərkib hissəsi kimi vacibdir. Mədəni əlaqələrin güclənməsi həmişə digər sahələrə, məsələn, turizmin və digər əlaqələrin möhkəmlənməsinə dayaq yaradır. Mədəniyyət daim əsas olub. Əgər biz Ukrayna uşaqlarına Azərbaycan mədəniyyətini aşılayırıqsa, demək yeni nəslimizin dünyagörüşünü artırırıq. Azərbaycan sayəsində böyük türk mədəniyyətindən məlumatlanırıq. Mədəni güclülük əsas silahdır. Azərbaycan məhz bu əsasla öz torpaqlarını işğaldan azad etdi. Biz buna görə şadıq. Əminəm ki bizim üçün də eynisi olacaq”, - əlavə edib.
Təqdimatda Azərbaycana aid mahnılar, şerlər səsləndirilib, tamaşa nümayiş etdirilib. M.Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukrayna xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudryaşovanın ifasında Azərbaycan və Ukrayna mahnıları ifa olunub. Eyni zamanda, akademik Zərifə Əliyeva adına Linqvistika liseyinin şagirdlərinin ifasında Azərbaycan dilində şer səsləndirilib. Sonda yeni yaradılan “Azərbaycan xalqının mədəni dəyərləri” adlı kitab, həmçinin Azərbaycanın milli geyimlərinin, atributlarının sərgilərinə də tamaşa edilib.