Güclü yağış, külək və şimşək nəticəsində Ukraynanın altı vilayətində 100-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Fövqəladə Hallar Xidməti (DFHX) saytında məlumat yayıb.
“28 iyun saat 07:00-a qədər hava şəraitinin ağırlaşması – güclü külək, yağış, fırtına olması nəticəsində altı vilayətdə 109 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təminatında problem yaranıb”, - məlumatda deyilir.
Qeyd olunub ki, Sumı vilayətində 37, Dnepropetrovsk vilayətində 33, Donetsk vilayətində 13, Zaporojye vilayətində 12, Kiyev və Çerniqov vilayətlərinin hər birində 7 yaşayış məntəqəsi işıqsız qalıb. Elektrik enerjisi təchizatını bərpa etmək üçün işlər davam etdirilir.
Əlavə edək ki, bazar günü Ukraynada səkkiz vilayətdə 393 yaşayış məntəqəsi işıqsız qalmışdı.
Ukraynanın Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə isə, bazar ertəsi atmosfer cəbhəsi ölkənin şərq bölgələrinə doğru irəliləməyə davam edəcək, şimali və mərkəzi vilayətlərdə əvvəlki kimi yağış yağacaq və şimşək çaxacaq.