Ukrayna Müdafiə Nazirliyinin Dövlət Satınalmaları Departamentinin rəhbəri Boqdan Xmelnitski vəzifəsindən azad edilib.
“Report” “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə parlamentin Korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri Anastasiya Radina məlumat verib.
“Müdafiə Nazirliyinin tədarük departamentinin direktoru Xmelnitski və nazir müavini Şapovalov işdən çıxarılıb”, - o əlavə edib.
Xatırladaq ki, daha əvvəl B.Xmelnitskinin adı korrupsiya qalmaqalında hallanmışdı. Onun adı 2022-ci ilin avqustunda, yəni hərbi sursatın alınması zamanı nazirliyin vəsaitindən 580 min ABŞ dollarının mənimsənilməsi işində üzə çıxıb.
Qeyd edək ki, Ukraynanın sosial siyasət nazirinin müavini Vitali Muzıçenka, Baş prokurorun müavini Aleksey Simonenko vəzifəsindən azad olunub. Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini İvan Luker, Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko istefa veriblər.