“Düşünürəm ki, 2021-ci il növbəti COVID-19 ili olacaq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge “Die Welt” qəzetində cümə günü dərc olunan müsahibəsində deyib.
Onun sözlərinə görə, indi hadisələri daha yaxşı proqnozlaşdırıb idarə etmək mümkündür: “2020-ci ildə həm səhiyyə, həm də siyasət sferasında yalnız qeyri-müəyyənlik var idi. Bir il sonra daha çox şey bilirik, alətlərimiz, diaqnostika proqramlarımız, peyvəndlərimiz var”.
H.Klüge vurğulayıb ki, 2022-ci ilin əvvəllərində pandemiyanın bitəcəyini düşünür, ancaq bu, virusun itib gedəcəyi demək deyil.
ÜST rəsmisi peyvənd məsələsində səbrli olmağa çağırıb: “Başlanğıcda həmişə tələb təklifi üstələyir. Bütün planet sakinlərini bir anda peyvənd eləmək olmaz”.
H.Klüge ÜST-nin tövsiyəsi olmasa da, Avropada vətəndaşların yayda peyvənd pasportları alacağının, çox güman, qaçılmaz olduğunu söyləyib. Bununla belə, o, bunun qeyri-bərabərliyi artıracağını vurğulayıb.