VIII Bakı Qlobal Forumunda “COVID-19-dan sonra yeni dünya düzəni” mövzusunda panel keçirilib.
“Report” xəbər verir ki, pandemiyadan sonrakı yeni reallıqlara, mübahisələrin həllində BMT-nin yerinə həsr olunan panel müzakirəsində xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin sabiq Baş naziri Binəli İldırım, BMT Baş Asambleyasının 75-ci iclasının sədri Volkan Bozkır, Nobel Sülh Mükafatı laureatı Uided Bushamaui, Çin Xalq Xarici İşlər İnstitunun prezidenti Vanq Çao və qeyriləri iştirak ediblər.
Tunisli iqtisadçı ekspert Uided Bushamaui qadınların təhsilini inkişaf etdirməyin, bütün sahələrdə daha geniş iştirak etmələrinin vacibliyini bildirib. Onun fikrincə, bu kimi mühüm tədbirlərdə də qadınlar daha geniş təmsil olunmalı, dinlənilməlidir. Laureat həmçinin dünya proseslərində gənclərin əhəmiyyətli rolunu da dilə gətirib.
V.Çao bildirib ki, dünya birliyi pandemiyadan sonrakı dünyanın inkişaf istiqamətlərinə dair fikirlər yürütməli, sülh və sabitlik üçün səylərini əsirgəməməlidir: “Çin də pandemiyadan sonrakı dövrdə sabitliyə nail olmaq yolunda bütün öhdəliklərini yerinə yetirəcək”.