Xorvatiya hökumətinin rəhbəri Andrey Plenkoviç həyat yoldaşı Anna Maslaç-Plenkoviçdə koronavirusun aşkar edilməsi ilə əlaqədar test verib və müsbət nəticə alıb.
“Report”un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi Marko Miliç bildirib.
"Epidemioloqların tövsiyələrinə əsasən, bazar ertəsi hökumətin sədri koronavirusun mövcudluğu ilə bağlı nəticəsi müsbət olan təkrar yoxlamadan keçdi", - Miliç qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, baş nazir özünü yaxşı hiss edir. O, özünü evdə təcridetmə ilə və həkimlərin göstərişlərinə əməl etməklə xidməti vəzifələrini icra edir.
Xorvatiyanın Nazirlər Kabinetinin başçısı 29 noyabrdan həyat yoldaşının virusa yoluxmasına görə məcburi olaraq 10 günlük özünü təcridetmədə idi. Plenkoviçin ilk testinin nəticəsi mənfi olub.