ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Ceyms Vulsi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin ölümündə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşşovu günahlandırıb.
“Report”un məlumatına görə, bu barədə “New York Post” Vulsinin sovetlər vaxtı Rumıniyanın Xarici Kəşfiyyat İdarəsində işləmiş general-leytenant İon Paceplə birgə yazdığı “Əjdaha Əməliyyatı: Kremlin Amerikaya Qarşı Gizli Müharibəsi” kitabına istinadən yazıb.
Kitabda iddia olunur ki, Kennedini öldürən Li Harvi Osvald SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin zabiti olub. Osvald 1957-ci ildə Yaponiyada ABŞ Donanmasında xidmət edən zaman DTK ilə əməkdaşlığa cəlb olunub. Bir sıra gizli tapşırıqları tamamladıqdan sonra Xruşşov amerikalıya ABŞ prezidentini öldürməyi şəxsən əmr edib.
Qeyd olunub ki, Osvald 1962-ci ildə SSRİ-də evlənib və verilən tapşırığı yerinə yetirmək üçün ABŞ-a qayıdıb.
Sonradan Sovet hakimiyyəti Kennedini öldürmək fikrindən daşınsa da Osvald əmrə tabe olmayıb.