Yaponiyada koronavirusa qarşı fövqəladə vəziyyət və fəal mübarizə tədbirləri rejiminin oktyabr ayının 1-dən qüvvədən düşməsi təsdiqlənib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Yoşihide Suqa koronavirusa qarşı mübarizə tədbirlərinə dair hökumətin nəzdindəki qərargahın iclasında bildirib.
“Ölkədə yeni yoluxma hallarının sayı azalır, səhiyyə sistemi üzərindəki yük yüngülləşir. Bununla bağlı fövqəladə vəziyyət və fəal mübarizə tədbirləri rejimərinin qüvvədən düşəcəyi 30 sentyabr tarixindən sonra ləğv etmək qərara alınıb” – deyə hökumət başçısı qeyd edib.
Yaponiyada fövqəladə vəziyyət rejimi 19 prefekturada (əyalətdə), nisbətən yumşaq olan fəal tədbirlər rejimi isə 8 əyalətdə tətbiq olunmuşdu. Bu ilin aprel ayında tətbiq olunmuş fövqəladə vəziyyət rejimi bir neçə dəfə uzadılıb.
Hazırda Yaponiyada əhalinin 60 faizə yaxını tam peyvəndlənib. Gündəlik yoluxma sayı avqust ayındakı 25 mindən 1128 nəfərədək azalıb.