Yaponiya hökuməti imperator Naruxito və imperatriça Masakonun yeganə övladı olan şahzadə Aykonun yetkinlik yaşına çatması münasibətilə dekabrın 5-ni təntənəli surətdə qeyd etmək barədə qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə monarxın ailəsi ilə bağlı işlərə nəzarət edən İmperator ailəsi idarəsi rəsmən bəyan edib.
Dekabrın 1-i şahzadənin 20-i yaşı tamam olacaq. Yaponiyada yetkinlik yaşı məhz 20 yaş hesab olunur. Qızın ali təhsilinə mane olmamaq məqsədilə təntənəli mərasimlər növbəti bazar günü - dekabrın 5-nə təyin olunub. Mərasim zamanı şahzadə Ayko sinto dini məbədinə səfər edəcək, daha sonra imperator sarayında atası ona lentli Müqəddəs Tac Ordeni təqdim edəcək.
Pandemiya səbəbindən böyük banket təşkil olunmayacaq.