Yeni Zelandiya rəhbərliyi ölkədə etiraz aksiyalarının yatırılması ilə əlaqədar İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinin elit bölmələri) və İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələri ilə əlaqəli 22 İran rəsmisinə sanksiya tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardern və xarici işlər naziri Nanaya Mahutanın yaydığı bəyanatda deyilib.
“Yeni Zelandiya bu dövlətin hakim rejimi tərəfindən Məhsa Əmininin ölümü ilə bağlı etirazlara qarşı davam edən repressiyalarla əlaqədar İran təhlükəsizlik rəsmilərinə sanksiyalar tətbiq edir. Biz həmçinin İranda baş verən hadisələrə daha yaxından diqqət yetirməyə və araşdırmağa davam edəcəyik”, - hökumətin saytında yerləşdirilən sənəddə deyilib.
Siyahıda Yeni Zelandiyaya girişi qadağan olunmuş 22 İran vətəndaşının adı var. Yeni Zelandiya liderlərinin bəyanatında deyilib: “Onların sırasına polis müavinləri, bir sıra hüquq-mühafizə orqanlarının rəhbərləri, əlavə olaraq “Sepah” komandanlığı və İran Bəsic milislərinin üzvləri daxildir”.