Yunanıstanda yanğınsöndürənlər 154 ərazidə yanğın ocağına qarşı mübarizə aparırlar. Onlardan 98-i son gün ərzində baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə böhran vəziyyətlərində hərəkətlərin koordinasiyası üçün cavabdeh olan mülki müdafiə işləri üzrə nazir müavini Nikos Xardalias keçirdiyi brifinqdə bildirib.
"Bu gün (dünən-red) daha çox çətin gün idi: Parnita dağında və Marafonda yanğınlar davam edir. Son 24 saat ərzində 98 yeni alovlanma yarandı və bu gün mülki müdafiə qüvvələri ümumilikdə 154 yanğını söndürməklə məşğul idi”, - Xardalias deyib.
Onun sözlərinə görə, ən təhlükəli alovlanmalar Attika əyalətində, Evbeya adasında və İliya əyalətində qeydə alınıb.
Nikos Xardalias əmin edib ki, hakimiyyət yanğınlarla mübarizə üçün bütün resurslarını səfərbər edib.
Daha əvvəl paytaxt xəstəxanalarından biri 38 yaşlı yanğınsöndürənin ölümü haqqında bildirib. O, başından ağır travma alıb. Şahidlərin sözlərinə görə, yanğınsöndürənin üstünə elektrik xəttinin dirəyi aşıb.