Yunanıstanı iflic etmiş güclü qar səbəbindən yanvarın 25-i ölkədə qeyri-iş günü elan edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə iqlim böhranı və mülki müdafiə məsələləri üzrə nazir Xristos Stilianidis brifinqdə məlumat verib.
Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanları, təhlükəsizlik xidmətləri, Silahlı Qüvvələr, səhiyyə müəssisələri və ictimai nəqliyyatda çalışan şəxslərdən başqa bütün dövlət orqanlarının əməkdaşları işləməyəcək.
Bundan əlavə, ölkədə təhsil müəssisələri, uşaq bağçaları, uşaq mərkəzləri bağlanacaq, distant təhsil həyata keçirilməyəcək.
Özəl müəssisələrin fəaliyyəti də birgünlük dayandırılacaq. Yalnız ərzaq mağazaları, əczaxanalar və digər səhiyyə strukturları, yanğınsöndürmə məntəqələri, həmçinin pis hava şəraiti ilə mübarizə ilə məşğul olan təşkilatlar çalışacaq.