Yunanıstanda Rodos adasında baş verən güclü meşə yanğınları səbəbindən təxliyə edilənlərin sayı 19 minə çatıb.
"Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğınsöndürmə İdarəsi məlumat yayıb.
Məlumata görə, ölkənin qərbindəki Korfu adasından daha 2500-ə yaxın insan təxliyə edilib. Bildirilib ki, minlərlə turist yanğın bölgəsindən qaçmaq üçün qorxu içində gözləməyə davam edir.
“Yanğın Asklipio qəsəbəsi yaxınlığındakı Rodosda cənub istiqamətində davam edir. Bunun qarşısını almaq üçün quru qoşunları fəaliyyət göstərir və 2-si Türkiyədən, 1-i Xorvatiyadan olan 8 təyyarə, həmçinin 3-ü Misirdən olan 10 helikopter yanğının geniş ərazisinə vaxtaşırı havadan müdaxilə edəcək", - məlumatda qeyd olunub.
Rodos merinin müavini Athanasios Vyrinis insanların karton qutularda yatdığını deyib və zəruri ehtiyacların çatışmazlığı barədə xəbərdarlıq edib.