Yunanıstanın Lesbos adasında hiddətlənən miqrantların etiraz aksiyası zamanı iğtişaşlar baş verib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, adada yerləşən Avropanın ən böyük qaçqın mərkəzi olan, əksəriyyəti Əfqanıstan və Afrika ölkələrindən gələn 12 mindən artıq qaçqının yerləşdirildiyi Moria düşərgəsində bu günlərdə baş verən yanğından sonra miqrantlar yeni qaçqın düşərgəsinin tikilməyə başladığını görüb onları adadan köçürmək tələbi ilə aksiya keçiriblər.
Nümayişçilərin bir hissəsi Mitelen liman şəhərinə gedən yola çıxmağa istəyəndə yaxınlıqda yeni düşərgənin tikinti sahəsini qoruyan polis onlara qarşı bibər qazı tətbiq edib.
Qeyd olunur ki, gərginlik yaradan bir mühüm amil də düşərgə sakinlərindən koronavirus testinin müsbət çıxdığı 35 nəfərin gözdən qaçırılması olub. Səhiyyə qurumları adada tikiləcək yeni düşərgədə sürətli testlərin nəzarət altına alınacağını, karantin sisteminin bərqərar olunacağını açıqlayıblar.
Hərçənd əvvəlki Moria düşərgəsindəki sanitariya vəziyyətinin acınacaqlı vəziyyətdə olması bütün adada həyəcan təbili üçün tutarlı əsas yaradırdı.
“Bu, səhiyyə bombasıdır. Oradakı insanlar hətta adicə əllərini yumaq üçün su üzünə həsrətdirlər”, - Afina və Pireus Xəstəxana Həkimləri Birliyinin sədri Matina Paqoni müsahibəsində qeyd edib.