Azərbaycanda səfərdə olan ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Bu barədə "Report"a İlahiyyat İnstitutundan məlumat verilib.
Görüşdə Aİİ rektoru, dosent Aqil Şirinov qonaqlara Azərbaycanda mövcud olan birgəyaşayış ənənəsi, tolerantlıq mühiti barədə məlumat verib. Ali müəssisə rəhbəri Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayıb, ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşıldığını qeyd edib.
A.Şirinov Aİİ haqqında geniş məlumat verib. İnstitutda mövcud ixtisaslar, təhsil səviyyələri barədə bəhs edib, Aİİ-də tədrisin məzhəblərüstü aparıldığını diqqətə çatdırıb.
Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı Nortvud kilsəsinin baş pastoru Bob Roberts təmsil etdiyi təşkilat haqqında geniş məlumat verib. O, dünyada radikallığın artdığı müasir dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyib, bu praktikanın öyrənilməsinin vacib olduğunu bildirib.
Görüşdə əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı Nortvud kilsəsinin baş pastoru Bob Roberts, Qlobal Məsələlər İnstitutunun vitse-prezidenti Ceyms Çen, “Microsoft” Korporasiyasının xarici əlaqələr üzrə baş direktoru, dini azadlıq məsələləri üzrə xristian beyin mərkəzi olan Qlobal İştirak İnstitutunun baş elmi işçisi Suheyl Xan Berkli, Daniel Lenqford daxildirlər.