Allahşükür Paşazadə din liderlərin Qazaxıstanda keçirilən qurultayında iştirak edib

Allahşükür Paşazadə din liderlərin Qazaxıstanda keçirilən qurultayında iştirak edib Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstanda səfərdədir.
Din
13 Sentyabr , 2022 10:56
Allahşükür Paşazadə din liderlərin Qazaxıstanda keçirilən qurultayında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstanda səfərdədir.

QMİ-nin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, sentyabrın 13-də QMİ sədri A. Paşazadə Qazaxıstanın paytaxtı Nursultan şəhərində Sülh və Anlaşma sarayının Atrium zalında Qurultayın Katibliyinin XX sessiyasında iştirak edib.

Tədbir çərçivəsində Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin daimi üzvü olan QMİ sədri Şeyxülislam A.Paşazadə Qazaxıstan Parlamenti Senatının sədri, Qurultay Katibliyinin rəhbəri Maulen Aşimbayev ilə görüşüb.

Səmimi şəraitdə keçən görüşdə cənab M. Aşimbayev Şeyxülislam A. Paşazadəyə Qurultaya dəvəti qəbul edib Qazaxıstana təşrif buyurduğuna görə öz adından və Qurultay Katibliyi adından dərin minnətdarlığını bildirib. Qazaxıstan Parlament Senatının sədri xüsusi qeyd edib ki, Şeyxülislam A. Paşazadənin Qazaxıstan Qurultayında və Katibliyin işində iştirakı bu tədbirlərin dəyərini artıran, onlara daha artıq önəm qatan hadisədir.

Şeyxülislam Allahşükür Paşazadə, öz növbəsində, bildirib ki, iki onillik tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Qazaxıstan Qurultayları dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin səmərəli dialoq və əməkdaşlıq müstəvisi kimi olduqca dəyərlidir. Belə bir dəyərli beynəlxalq foruma dəvət üçün Qazaxıstan dövlətinə, şəxsən cənab M. Aşimbayevə təşəkkür edən QMİ sədri A. Paşazadə Qurultayda və Katibliyin işində iştirakı özü üçün şərəf hesab etdiyini diqqətə çatdırıb. Şeyxülislam A. Paşazadə Azərbaycan xalqı adından və şəxsən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin adından qardaş Qazaxıstan dövlətinin Parlament Senatının sədri M.Aşimbayev cənablarına səmimi salamları və Qurultayın işinə xeyir-duaları yetirib.

Sentyabrın 14-də Şeyxülislam Allahşükür Paşazadə "Dünya və ənənəvi dinlərin liderlərinin postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında rolu" mövzusunda Dünya və ənənəvi din liderlərinin VII Qurultayına qatılacaq, plenar iclasda çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi