Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Fransadan gəlmiş jurnalistlərlə görüş olub.
Bu barədə "Report"a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Jan-Mişel Lüsyen Bran, Karim Ahmed İfrak və Sarra Durmanın daxil olduğu nümayəndə heyəti ilə görüş zamanı QMİ sədri şeyxülislam Allahşükür Paşazadə fransalı jurnalistlərə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi və dini konfessiyaların real əməkdaşlıq müstəvisi barədə danışıb.
Azərbaycanda mövcud dinlər, konfessiyalararası, habelə məzhəblərarası münasibətlər barədə fransız media mənsublarını ətraflı məlumatlandıran A.Paşazadə 44 günlük qalibiyyətli Vətən müharibəsi dövründə Zəfərin əldə edilməsində bu birlik və həmrəyliyin xüsusi önəm kəsb etdiyinə diqqəti çəkib.
Vətən müharibəsi dövründə erməni tərəfinin hadisələrin mahiyyətinin yanlış təqdim olunması istiqamətində qarayaxma, ittihamlarla dolu təbliğatı, ələlxüsus, dini müstəvidə münaqişə kimi təqdim olunması məsələsinə dair fransalı yazarların sualına cavab olaraq QMİ sədri bildirib ki, bu təmamilə yanlış yanaşmadır və Azərbaycanın haqlı mübarizəsinə, dünya birliyi tərəfindən tanınan öz ərazilərini azad etmək yönündə ədalətli mübarizəsi dövründə xristian təəssübkeşliyinə nail olmaq, dini hisslərdən sui-istifadə etməyə hesablanmış saxtakarlıqdır.
A.Paşazadə bildirib ki, 1988-ci ildən — münaqişə başlanan zamandan etibarən dəfələrlə, müxtəlif vasitəçi tərəflərin — Ümumdünya Kilsələr Şurası, Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsinin vasitəçilik missiyası ilə baş tutmuş yüksək səviyyəli görüşlərdə Erməni Apostol Kilsəsinin bütün rəhbərləri, o cümlədən, hazırki Katolikos-Patriarx II Qaregin münaqişənin dini səciyyə daşımadığını etiraf edib, birgə Bəyannamələrdə imzaları ilə təsdiq ediblər.
QMİ sədri Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər, vandalizm aktları, dini məbədlərə qarşı təhqiramiz münasibəti barədə fransalı media mənsublarını geniş məlumatlandırıb. O bildirib ki, Ermənistan törətdiyi mədəni abidələrə qarşı soyqırım siyasətini ört-basdır etmək məqsədilə Azərbaycana yalan ittihamlar irəli sürür, guya erməni dini abidələrinə xələl gətirildiyi iddiası ilə qarayaxma kampaniyası aparır. Halbuki, erməni tərəfi işğal dövründə qədim alban, ənənəvi pravoslav kilsələrini erməniləşdirmək, qriqoryanlaşdırmaqla məşgul olub, onların mənşəyini saxtalaşdırıb, müsəlman məscid və ziyarətgahlarını dağıdıb, yandırıb, tövləyə çevirərək təhqir ediblər.
Şeyxülislam milli-dini, multikultural dəyərlərə böyük ehtiramla yanaşan Azərbaycan dövlətinin dağıdılmış mənəvi irsinə sahib çıxdığını, möhtərəm dövlət rəhbərimizin bəyan etdiyi kimi, işğalçıların məhv etdiyi bütün dinlərə məxsus mənəviyyat abidələrini — məscid, kilsə, sinaqoqları bərpa edib dirçəldəcəyini qonaqların diqqətinə çatdırıb.
Qəbula görə təşəkkürlərini bildirən fransalı jurnalistlər QMİ sədrinin Azərbaycanda mövcud dini konfessiya rəhbərləri və təmsilçiləri ilə bərabər onlarla görüşməsini xüsusi minnətdarlıqla qeyd ediblər. İndiyədək 20-yə yaxın məqalə ilə Azərbaycan reallıqları barədə çıxış etdiyini bildirən fransalı jurnalist Jan-Mişel Lüsyen Bran işğaldan azad olunmuş Qarabağa səfər edəcəklərini diqqətə çatdırıb və bilavasitə müşahidələrini Fransa mediasında işıqlandırmaq niyyətində olduqlarını bildirib. O, Bakıda olduqları müddət ərzində müxtəlif din mənsublarının ölkəmizdə rahat, azad öz ibadətlərini həyata keçirdiklərini, insanların simasında xoşbəxtlik, fərəh müşahidə etdiklərini xüsusi qeyd edib. Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə ayrıca müsahibələr etmək niyyətini ifadə edən fransalı jurnalist Karim Ahmed İfrak öz ölkəsində də belə bir dinlərarası mühit arzusunda olduğunu gizlətməyib. Jurnalist dinlər, məzhəblər arasında belə nümunəvi münasibətlərin mövcudluğunun dövlətin yalnız tərəqqisinə xidmət etməsi barədə qənaətini bölüşüb.
Fransalı jurnalislər pandemiya şəraiti səngidikdən sonra Azərbaycanın multikultiral dəyərlərinin təbliği və təşviqi məramı ilə Fransada beynəlxalq forumların təşkilinin məqsədəuyğun olduğunu dilə gətirərək, QMİ sədrindən bu istiqamətdə təşəbbüs göstərməsini xahiş ediblər. Bildiriblər ki, dinlərarası dialoqa dair belə bir foruma Fransa cəmiyyətində ehtiyac duyulur.
A.Paşazadə 2017-ci ildən QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin fəaliyyət göstərdiyini və onadək ölkədə, o cümlədən, Avropa dövlətlərində — Almaniya, İspaniya, Avstriyada mötəbər beynəlxalq konfranslar təşkil etdiklərini diqqətə çatdıraraq, yaxın gələcəkdə Fransada bu xətlə tədbir keçirilməsinin mümkünlüyünü nəzərdən keçirə biləcəklərini bildirib.
Görüş zamanı Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının təsis olunduğu barədə qonaqlara məlumat verilib. Bildirilib ki, Azərbaycanın multikultural həyat reallığından irəli gələn bu təsisat dünyada az təsadüf olunan bir nümunədir.
Görüşdə iştirak edən Dağ yəhudiləri icmasını başçısı Melix Yevdayev, Roma Katolik Kilsəsinin Bakıdakı ordinarisi Yepiskop Vladimir Fekete, Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının rəsmi nümayəndələri çıxış edərək Azərbaycanda mövcud dini-mənəvi həyatın nümunəvi gerçəklikləri barədə danışıblar. Bir ailə kimi yaşadıqları Azərbaycanda etnik və dini müxtəlifliyin ölkənin sərvəti kimi dəyərləndirilməsini, dövlətin dini icmaları diqqət və qayğı ilə əhatə etməsini böyük nemət kimi qiymətləndirdilər. Dini icmaların təmsilçiləri dövlətin dinə münasibəti sayəsində hər zaman birlikdə, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində olmalarını məmnuniyyətlə qeyd etdilər, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanın uğurlarının təməlində duran dəyərlər sırasında nümunəvi dinlərarası dialoq mühitinin də olduğunu xüsusi vurğulayıblar.
Fransalı jurnalistlər səmimi qəbul, dolgun informasiyalı çıxışlara görə təşəkkür edib, xatirə fotoları çəkdirdilər və Fransa mətbuatında tezliklə maraqlı məqalələrinin yer alacağını söyləyiblər.