Oktyabrın 11-də Astanada Sülh və Harmoniya Sarayında Dünya və ənənəvi din liderlərin Qurultayının Katibliyinin XXI sessiyası öz işinə başlayıb.
“Report”un Astanaya ezam olunmuş müxbiri xəbər verir ki, iclasa Qazaxıstan Parlamenti Senatının sədri, Qurultay Katibliyinin rəhbəri Maulen Aşımbayev sədrlik edir.
İclasda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə təmsil edir.
M.Aşımbayev açılışda bildirib ki, bu iclas yaxşı ənənəyə çevrilib və indi beynəlxalq ictimaiyyət qurultayın təşəbbüslərinə xüsusi dəstək verir: “Bizim görüşlərimiz həmişə prinsiplər və etimad əsasında keçirilir. Hamınızı bu otaqda görməyə şadıq”.
Onun sözlərinə görə, bu dialoq müasir qlobal çağırışlar kontekstində xüsusilə vacibdir.
İclasda iştirak etmək üçün Astanaya 24 ölkədən 30-dan çox nümayəndə heyəti gəlib.
Katibliyin iclası çərçivəsində toplantı iştirakçıları ötən ilin sentyabrında Astanada keçirilmiş Dünya və ənənəvi din liderlərinin VII Qurultayının yekunlarına dair fikir mübadiləsi aparacaq, həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülən “2023-2033-cü illər üçün Dünya və ənənəvi din liderlərinin inkişaf Konsepsiyası”nı müzakirə edib və qəbul edəcəklər.
Qurultayın Katibliyinin XXI sessiyasında ABŞ, Vatikan, Böyük Britaniya, Cənubi Koreya, Misir, Azərbaycan, Türkiyə, Pakistan, İran, Qırğızıstan, Özbəkistan, İsrail, Çin, Monqolustan, Yaponiya, Hindistan, Rusiya, Tailand və BƏƏ-dən islam, xristianlıq, buddizm, yəhudilik, hinduizm, taoizm, şintoizm kimi dünya və ənənəvi dinlərin liderləri iştirak edirlər.