Dini liderlər iqlim dəyişikliyi ilə mübarizəyə böyük töhfə verə bilərlər.
"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos deyib.
"İqlim dəyişikliyi çoxsaylı qlobal çağırışlar arasında ən təxirəsalınmaz məsələlərdən biridir. COP29-a ev sahibliyi edən Azərbaycan hökuməti çox yaxşı başa düşür ki, ölkələr bu problemin öhdəsindən təkbaşına gələ bilməz. Buna görə də dini liderlərin sammiti ən münasib vaxtda təşkil olunub", - o qeyd edib.
Moratinosun sözlərinə görə, dini liderlər iqlim probleminə unikal insan mərkəzli yanaşmaya malikdirlər. O vurğulayıb ki, "insan aspekti" təəssüf ki, qlobal müzakirələrdə tez-tez diqqətdən kənarda qalır.
Ali nümayəndə əlavə edib ki, dini xadimlər siyasətçilərdən fərqli olaraq, mərhəmət, ədalət və insan ləyaqəti kimi mənəvi dəyərlərə diqqət yetirirlər.