Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri zamanı İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejatın məsciddə mehrabın önündə dayanaraq namaz qılması sosial şəbəkələrdə müzakirəyə çevrilib.
Sosial şəbəkə istifadəçiləri namaz qılınan zaman fotoda Ocaqnejatın Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər şəxslərdən öndə dayanmasına etiraz ediblər.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli “Report”a açıqlamasında deyib ki, orada bütün vacib namazlar şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb:
"Şuşa səfərində Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri, Türkiyənin və İranın Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri iştirak edirdilər. Əvvəla, onu qeyd edim ki, orada bir sıra dini ayinlər icra edildi. Xristianların da kilsədə dini ayinləri icra olunan zaman müsəlman din xadimləri orada iştirak edirdilər. Bundan əlavə, məsciddə vacib namazların hamısı şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb. Həmin fotoda olan namaz isə müstəhəb namazdır və camaat namazı şəklində qılınmayıb, hər kəs fərdi olaraq namazlarını qılıblar".
QMİ sədrinin səlahiyyətli nümayəndəsi vurğulayıb ki, orada Türkiyə səfirliyinin dini işlər üzrə nümayəndəsi də dualar oxuyub və çıxış edib.
Onun sözlərinə görə, hədiyyə namazları qılınan zaman İran nümayəndəsi də namaz qılıb:
"Burada siyasi məqsədlər axtarmaq kökündən yanlışdır. Orada fərdi qaydada ibadətlər həyata keçirilib. Şəkildən də görünür ki, orada hər kəs məscidin fərqli yerlərində durub ibadət edirlər. İranın nümayəndəsi höccətülislam Ocaqnejat da orada namaz qılıb və dua edib. Mərasim bitəndən sonra Türkiyə səfirliyinin nümayəndəsi dualar etdi və din xadimləri buna amin dedilər. Yəni burada başqa heç bir məqsəd olmayıb, kiminsə öndə və ya kiminsə arxada olması məsələsi deyil".
Din xadimi həmçinin Şuşa səfərinin təəssüratlarından da danışıb. O bildirib ki, Şuşa Azərbaycanın sözün həqiqi mənasında mədəniyyət paytaxtıdır:
"Şuşanın qəribə bir izaholunmaz atmosferi var. Növbəti dəfə o fəzada olmağımız bizə çox böyük məmnunluq hissi yaşatdı. Burada müxtəlif dini konfessiyaların nümayəndələri ilə birlikdə müxtəlif məkanları ziyarət etdik. Həm kilsə ziyarət olundu, həm Yuxarı Gövhərağa məscidində yenidən namaz qılındı. Bir daha dünyaya nümayiş olundu ki, Azərbaycanda dinlərarası, məzhəblərarası barış və anlaşma mühiti var. Azərbaycandakı bu mühitin dünyaya məhz Şuşadan nümayiş olunması olduqca əhəmiyyətlidir".