Qətərdə keçirilən dünya çempionatı zamanı Almaniya millisində münaqişə yaşanıb.
"Report" "Bild"ə istinadən xəbər verir ki, komanda düşərgədə iki hissəyə ("Bavariya"nın futbolçuları və digərləri) bölünüb.
Baş məşqçi Hans Diter-Flik Münhen təmsilçisinin oyunçularına qarşı xüsusi münasibət göstərməkdə ittiham edilir. Bu da yığma daxilində ixtilafa səbəb olub. 57 yaşlı mütəxəssisin bütün futbolçuların rəğbətini qazana bilmədiyi vurğulanıb.
Problemlər qrup mərhələsinin I turunda Yaponiya seçməsinə 1:2 hesabı ilə uduzduqları matçdan əvvəl başlayıb. Qapıçı Manuel Noyer və yarımmüdafiəçi Leon Qoretska oyunöncəsi çəkilən fotoda kapitanlıq sarğısı ilə bağlı qərara etiraz olaraq ağızlarını örtməyin zəruri olduğunu söyləyiblər. Digər oyunçular heç bir siyasi aksiyaya qatılmaq niyyətində olmadıqlarını bildiriblər.
Millinin türkəsilli futbolçusu İlkay Gündoğan ilk qarşılaşmada əvəzləndiyi üçün qəzəblənib.
Bundan əlavə, İspaniya "Barselona"sından Bundestimin heyətinə cəlb olunan qapıçı Mark-Andre ter Ştegen mundialda şans qazanmadığı üçün məyus olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Almaniya yığması DÇ-2022-də E qrupunu 4 xalla üçüncü sırada başa vuraraq turnirlə erkən vidalaşıb.