Bakıda “Türk ədəbiyyatı ustadları” beynəlxalq konfransı keçirilir

Bakıda “Türk ədəbiyyatı ustadları” beynəlxalq konfransı keçirilir Bu gün Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının klassiki, alim, pedaqoq Mir Cəlal Paşayevin 115 illiyinə və görkəmli yazıçı, qazax ədəbiyyatında detektiv janrının banisi, dramaturq, ictimai xadim Kəməl Tokayevin 100 illik yubileylər
Ədəbiyyat
22 Sentyabr , 2023 15:45
Bakıda “Türk ədəbiyyatı ustadları” beynəlxalq konfransı keçirilir

Bu gün Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının klassiki, alim, pedaqoq Mir Cəlal Paşayevin 115 illiyinə və görkəmli yazıçı, qazax ədəbiyyatında detektiv janrının banisi, dramaturq, ictimai xadim Kəməl Tokayevin 100 illik yubileylərinə həsr olunmuş "Türk ədəbiyyatı ustadları" mövzusunda beynəlxalq konfrans keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtjamal Ospanova, o cümlədən Qazaxıstan və Azərbaycanın görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər.

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev qazaxların və azərbaycanlıların qədimdən dost xalqlar olduğunu qeyd edərək, bu hadisə münasibətilə ölkə Prezidenti Kasım-Jomart Tokayevin təbrik məktubunu oxuyub. Məktubda deyilir: “Qardaş ölkələr arasında münasibətlərin möhkəmlənməsinə təkcə mehriban qonşuluq və iqtisadi əməkdaşlıq deyil, həm də hörmətli yazıçılarımızın, görkəmli şəxsiyyətlərimizin mənəvi bağları kömək edir”.

Tədbirdə çıxış edən Qazaxıstan səfiri Alim Bayel ölkəsinin hər zaman Azərbaycanın yanında olacağını qeyd edib. Diplomat onu da vurğulayıb ki, hər iki ölkə prezidentlərinin dialoqları sayəsində hərtərəfli əməkdaşlıq indi yeni səviyyəyə yüksəlib.

ADA Universitetinin rektoru Hafiz Paşayev öz növbəsində bugünkü tədbirin simvolik olduğunu bildirib: “2023-cü il xüsusi ildir. Bu il biz Azərbaycan Milli Kitabxanasının açılışının, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının, eləcə də görkəmli qazax yazıçısı, dramaturqu və ictimai xadimi Kemel Tokayevin 100 illiyini qeyd edirik”.

H.Paşayev qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında mədəniyyət sahəsində güclü əməkdaşlıq əlaqələri qurulub. ADA Qazaxıstan universitetləri ilə əməkdaşlıq edir: “Universitetimiz qardaş Qazaxıstandan olan tələbələr üçün də açıqdır. Biz onlara Əlimərdan bəy Topçubaşov adına təqaüd təklif edirik”.

Konfrans zamanı iştirakçılar M.C.Paşayevin və K.Tokayevin həyat və yaradıcılığına dair məruzələrlə çıxış edib, mədəni qarşılıqlı əlaqə vasitəsilə türk xalqlarının daha da yaxınlaşmasının vacibliyi barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində, həmçinin, K.Tokayevin Azərbaycan dilində çap olunan "Gecə açılan atəş" və M.C.Paşayevin qazax dilində çap olunan "Dağların ürəyi" kitablarının təqdimat mərasimi baş tutub. Türk dünyasının bədii sözün ustaların əsərlərinin toplusunun təqdimatı ilə yanaşı, onların yaradıcılığına həsr olunmuş kitab-rəsm sərgisi də təşkil olunub.

Son xəbərlər

Orphus sistemi