Bu gündən Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin “Şuşa uşaqlar üçün”, “Bakı uşaqlar üçün”, “Praqa uşaqlar üçün” və “Azərbaycanda xristian kilsələri” kitabları Çex Respublikasında satışa çıxarılıb.
O, “Report”a açıqlamasında deyib ki, müəllifi olduğu nəşrlər Azərbaycan və rus dilində işıq üzü görüb.
Əməkdar artistin sözlərinə görə, Çexiya tərəfi həmin kitabları bəyənərək tərcümə edib: “Şuşa uşaqlar üçün” kitabını Qalib Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə həsr etmişəm. Bakı haqqında kitab turistlər üçün nəzərdə tutulub. Həmçinin “Azərbaycanda xristian kilsələri” kitabı isə ölkəmizdəki xristian abidələri ilə bağlıdır. Nəşrlər həm də dünyada Azərbaycanın təbliğinə xidmət edir. Bu işi davam etdirməyə çalışacam”.
O həmçinin qeyd edib ki, kitabları ispan dilinə də işıq üzü görəcək:
“Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşdüm. O, Meksika haqqında da kitab yazmağımı xahiş etdi. Bildirdi ki, Azərbaycan uşaqları da Meksika haqqında məlumatlansınlar. Kitablarımızı ispan dilinə tərcümə etdirməyə çalışacam. Məqsədim Meksika uşaqlarının Azərbaycanı tanımasına nail olmaqdır”.
B.Bağırzadə bildirib ki, 50-yə yaxın ölkə ilə bağlı kitab yazıb.