Natiq Məmmədli: “Ucuz ölümü insanlara yaraşdırmıram”

Natiq Məmmədli: “Ucuz ölümü insanlara yaraşdırmıram” Yazıçı Natiq Məmmədli Report Media Məktəbinin tələbələrinin suallarını cavablandırıb.
Ədəbiyyat
19 İyul , 2022 12:48
Natiq Məmmədli: “Ucuz ölümü insanlara yaraşdırmıram”

Yazıçı Natiq Məmmədli Report Media Məktəbinin tələbələrinin suallarını cavablandırıb.

İsmayıl Bakuvi

- Natiq müəllim, mən sizin “Körpüdə ümid” romanınızı oxumuşam. Burada siz körpünün üzərində yerləşən kənddən – Ümidqovandan bəhs etmisiniz. Bilmək istərdim, real həyatda belə bir kənd varmı? Yoxsa bu sizin təxəyyülünüzün məhsuludur?

- Real həyatda təbii ki, Ümidqovan adlı kənd yoxdur. Əsərin adından da məlum olduğu kimi roman körpü üzərində özlərinə vətən seçən insanların ümidlərindən bəhs edir. Körpünü bizim ölkəmizin yerləşdiyi coğrafi bölgə kimi də təsəvvür etmək olar. Orada Şərq ilə Qərb toqquşur, Midridatla Pompeyin qoşunları üz-üzə gəlir. Mən sadəcə öz ölkəmin tarixini xatırladaraq, gələcəyi barədə fikirlərimi bildirmək istəmişəm. Ümidqovan konkret kənd deyil, onu Azərbaycan kimi düşünsəniz, daha yaxşı olar.

- Əgər “Körpüdə ümid” romanının içində olsaydınız, kim olardınız? Pirə arzu yazıb oradan nəsə diləyən mövhumatçı insan, yoxsa cəmiyyətin anormal qəbul etdiyi Pirdəli? Yeri gəlmişkən, Pirdəli ilə Kefli İsgəndər arasında nəsə bir bağlılıq varmı?

- Pirdəli ilə Kefli İsgəndər arasında hər hansı bir bağlılıq görmürəm. Kefli İsgəndər Azərbaycan ədəbiyyatında o qədər xarakterik və mükəmməl obrazdır ki, həyatda yerini tapmayanların hamısını onunla müqayisə edirlər. Pirdəli isə daha faciəli obrazdır, o, kefli yox dəlidir. Mən öz romanımda 12 yaşılı uşağın yerində olmaq istərdim, çünki dünyanı xilas edən söz o uşağın dilindən səslənir. Əsərin sonunda lal uşağın dili açılır və o, boğazında ilişib qalmış “ədalət” kəlməsini söyləyir. Təəssüf ki, tək mənim lal qəhrəmanımın yox, bütün dünyanın boğazında da ilişib qalan söz elə “ədalət”dir.

Vüsal Arifsoy

- “Qəhrəmanım sənsən” əsərinizdə hekayələrin ardıcıllığı necə tənzimlənmisiniz?

- O topluda müasir oxucunun zövqünü nəzərə alaraq hekayələri sıralamışam. “Qəhrəmanım sənsən”də otuza yaxın seçmə hekayəm yer alıb və kitab “Sevgi məbədində qətl” hekayəsi ilə başlayır, onu bilərəkdən ilk yerə qoymuşam. Düşündüm ki, cəlbedici görünər və xüsusən də gənc oxucular üçün maraqlı olar.

Arzu Cabbar

- “Sev” romanınızın baş qəhrəmanları, ayrı-ayrı dinlərə mənsub olan şri-lankalı gənclər və miqrasiya şöbəsində çalışan məmur dostunuz real həyatda da mövcuddurmu?

- Bəli, bu, olmuş hadisədir. Şri-Lankada islam və buddist dinlərinə mənsub oğlanla qız bir-birlərini sevirlər. Fərqli dinlərə mənsub olduqlarından yerli icmaları gəncləri ölümlə təhdid edir və onlar da Azərbaycana qaçmalı olurlar. Bu da taleyin bir təsadüfüdür, həmin vaxt Azərbaycan Şri-Lankaya “ASAN viza” tətbiq edibmiş. Gənclər aeroportdaca bu barədə öyrənib, harada yerləşdiyini düz-əmməli bilmədikləri bizim şəhərə qaçırlar. Əhvalatı mənə həmin gəclərin Bakıda miqrant kimi qalmaları üçün razılıq verilməsi prosesində iştirak edən dostum danışmışdı. Eşidən kimi də çox təsirləndim. Əgər belə demək mümkünsə, günahları bir-birlərini sevmək olan iki fərqli dinə məxsus gənclər Azərbaycana gəlib burada xoşbəxt olurlar, övlad dünyaya gətirirlər. Mən o hadisənin içərisində gizlənmiş ədəbiyyatı gördüm və roman beləcə yarandı.

“Sev” romanı yalnız sevgidən bəhs eləmir, orada Sarı Aşıqdan tutmuş Ukrayna hadisələrinə qədər çox mətləblərdən yazmışam, amma sevgi ana süjet xəttini təşkil edir. “Sev” romanına daha geniş planda baxanda, dünyanın nə qədər kiçik olduğunu, hansı küçəsində gəzməsindən asılı olmayaraq insanın hər yerdə insan olduğunu göstərmişəm. Dünya bizim sığınacağımızdır, bu sığınacaqdan kənarda həyatımız yoxdur. İnsanların, hətta cəzaları da oxşardır: Məsələn, romanda sarı yağışlar yağır, o yağış insanların sevgisizliyinə, biganəliyinə qarşı dünyanın özünüifadəsidir, bir növ cəzasıdır.

Leyla Səməndər

- “Körpüdə ümid” romanınızda canlandırdığınız o lal uşaq nə vaxtsa həyatınızda olub?

- Mən elə bir obraz fikirləşirdim ki, o saf biri olmalı, xarakteri, düşüncələri çirklənməməlidir. Lal uşaq üç gecə Ümid Pirinə gedir, başına dolanır və hər dəfə dolandıqca onun Pirdəli ilə dialoqları bir az mürəkkəbləşir, bir az yaşlaşır. Yəni uşaq elə bil bütün Ümidqovanın, körpüdə özünə vətən seçən insanların hamısının nicatı kimi düşünülüb. Həyatımda isə elə birisi olmayıb. Amma çalışmışam, romanı yazanda dünyaya həmən o məsum uşağın gözləri ilə baxa bilim.

- “Körpüdə ümid”i hansı hadisədən, yaxud kimdən ilhamlanıb yazmısınız?

- Roman 10 il bundan əvvəl işıq üzü görüb. Sadəcə Azərbaycan haqqında yazmaq istəmişəm. Ölkəmin bədii obrazını yaratmağa çalışmışam, yəni, mənim gördüyüm, bildiyim, dərk etdiyim, bələd olduğum Azərbaycanın.

Zərintac Mayisqızı

- “Sizin “Sevgi məbədində qətl” əsərinizi oxudum. Orada haqqında bəhs etdiyiniz insanları həqiqətən tanıyırdınız? Ümumiyyətlə, əsər necə yarandı?

- Bir neçə il öncə belə bir hadisə baş vermişdi – qarajda sevgi ilə məşğul olan şəxslər dəm qazından boğulub ölmüşdülər. Sosial şəbəkə onları əxlaqsızlıqda ittiham edən paylaşımlar gedirdi. Mən isə insanları bu hadisəyə təhrik edən amillər maraqlandırırdı. Axı bu, çox ucuz, mənasız ölümdür. Ucuz ölümü insanlara yaraşdırmıram, insan kimi mükəmməl varlığın belə formada həyatı tərk etməsini arzulamıram, bu, sadəcə faciədir. Belə hisslərə köklənərək siz dediyiniz hekayəni yazdım. Və bundan sonra daha dəhşətli hadisələr baş verdi, qarajlarda, işıq transformatorlarının içində ölənlər oldu. Demək olar, hər il belə xəbərlər eşidirəm, şükür, bu il hələ eşitməmişəm.

Hesab edirəm, bu biabırçı bir şeydir, yəni insanları o həddə çatdırmaq olmaz. Təbii ki, belə əməllərə haqq qazandırmıram, sadəcə əxlaq normaları insanları sevmədiyi işləri görməyə məcbur etməməlidir. İnsanlar sevərək yaşamalıdırlar, sevərək ölməli deyillər.

Abdulla İsmayıloğlu

- İndiki dövrdə kitab oxumaq qəhrəmanlıqdır, demisiniz. Sizə elə gəlmirmi məşhur: “Alim olmaq asandı, insan olmaq çətin” deyimi və demokratiyanı qloballaşması millətimizi daha da cahilləşdirib?

- Mən belə düşünmürəm. Əslində millətimizin, əsas da gənclərimizin böyük potensialı olduğu düşüncəsindəyəm. Sadəcə indiki gənclərə nəyisə diktə etmək olmaz. Mənim yeganə istəyim odur ki, insanlarımız, gənclərimiz ədəbiyyatın, kitabın lazımlığını şüurlu surətdə anlasınlar.

- Əgər belə böyük potensiallı gəncliyimiz varsa, niyə efirdə danışığını-hərəkətini bilməyən aparıcılar, cəmiyyətdə bisavad yazıçılar, mətbuatda dürüstlükdən pəhrizdə olan “reket jurnalistlər” dominantlıq təşkil edir?

- Sadaladıqlarınız ağır dərddir, həm də çox geniş mövzudur. Bununla bağlı saatlarla danışsaq yenə də mövzuya aydınlıq gətirmək mümkün olmayacaq. İntellekt kasadlığın səbəbi təhsildəki boşluqlardan qaynaqlanır. Finlandiyada, Norveçdə “media savadlılığı” ilə bağlı məktəblərdə dərslər keçirilir. Türkiyədə həmin fənn “Qazeteçilik” adı altında tədris olunur. Qardaş ölkənin orta məktəblərində hətta “Dram” dərsləri də keçirilir. Belə ölkələrdə hələ uşaq yaşlarından lazımi bilgilərin verilməsi, lazımi vərdişlərin aşılanması gələcəkdə əhaliyə saxta xəbərlə doğru xəbərin fərqləndirməyə, nadanlıqla ziyalılığı ayırd etməyə imkan verir.

Maarifçilik və təhsil sahəsində irəliyə doğru nə qədər məsafə qət edəcəyiksə, bir o qədər də ədəbiyyatımızda, mətbuatımızda, bütövlükdə ictimai şüur və əxlaqımızda uğur əldə edə biləcəyik.

- Bir müsahibənizdə demisiniz ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ədəbiyyatda tarixi mövzuların şitini çıxartdılar. Ona görə də o mövzuya müraciət etmək, nəsə oxumaq məndə allergiya yaradır. Sizə elə gəlmirmi son 30 ildə bir çox “tarixçi”, “yazıçı” xalqımıza təhrif-yalanla zəngin desertlər sırıdı?

- Baxmayaraq ki, dünyada tarixin atası Herodot hesab olunur, bizdə də özünü tarixin bütün dövrlərinin “atası” kimi aparan yazarlarımız var. Azərbaycan tarixinin orta əsrlər dövrü hökmdarlarının istənilən birinin həyatı ilə bağlı yazmaq üçün o mühiti bilmək, fars, osmanlı, rus mənbələrini mükəmməl mənimsəmək lazımdır. Türkiyədə tarixi mövzuda çəkilən serialların danışıq dilində əsər yazmaq nə ədəbi zövqdür, nə də tarixi həqiqətə xidmətdir. Tarixdə Əmir Teymur ilə Nəsimi üz-üzə gəlməyib. Amma İsa Hüseynov kimi yazıçımız “Məhşər” əsərində onları qarşılaşdıraraq gözəl ədəbi dialoq yaradıb. Tarixi proseslə, hökmdarlarla bağlı roman, povest yazmaq istəyən kəslər əvvəlcə özlərinə sual verməlidir ki, nə üçün bu barədə yazmalıyam, məqsəd nədir, oxucuya tarixin hansı məqamını ədəbi-bədii fənd ilə çatdırmaq istəyirəm? Tarix üzrə fəlsəfə doktoru olsam da, mən özüm tarixi roman yazmaram, bu mənim janrım deyil. İndiki vaxtda rəqəmsal texnologiya o qədər inkişaf edib ki, “History Channel”, “Viasat History” kimi kanallar neçə min il bundan əvvəl mövcud olmuş şəhərlərin, qalaların sxemlərini tərtib edərək, atların fınxırtısına qədər nümayiş etdirir, ədəbiyyatın missiyası bu deyil.

- Siz daim mütaliə edən birisiniz və son zamanlar Günel Mövludun “Düşərgə” romanını oxuduğunuzu vurğulamışdınız. Həmin əsərdə ədəbi zənginlik, bədiilik gördünüzmü?

-“Düşərgə” məndə işlənməmiş bədii lövhələrdən ibarət mətn təəssüratı yatardı. Çadır şəhərciyində insanların çəkdiyi iztirablarda ədəbiyyat görməmək mümkün deyil amma bunu feminizmi əsas süjet xəttinə çevirərək göstərəndə mükəmməl bədii lövhələrin tamamlanması arxa planda qalır. Gender bərabərliyi cəmiyyətlərin inkişaf səviyyəsini göstərən, insan hüquqlarına söykənmiş təməl prinsipdir və birmənalı hörmətə layiqdir, sadəcə belə də olmalıdır. Lakin kişilərə qarşı faşizmi, mizandriyanı (red. - kişilərə nifrət) əsaslandırmağa cəhd göstərmək və bunu yazıçı kimi özünə mövqe seçmək yarımçıqlıqdır. Qadınların cəmiyyətdə kişilərlə bərabər hüquqlarının təmin olunmasında maraqlı biriyəm. Amma bütün bunlarla yanaşı cəmiyyətdəki ata, qardaş, oğul obrazlarını və bütünlükdə kişiləri aşağılamaqla qadının əzabkeş simada göstərməklə feminizmin təbliği tamamilə yanlışdır, qərəz nümunəsidir.

- Siz “sözünü qısa de, dastan açma” ifadəsinə müxalifsiz. Amma “New Times” jurnalının təsisçisi və redaktoru Stiv Moss isə bədii yaradıcılıqla bağlı deyir ki, “Qısalıq istedadın bacısıdır”. Hətta S.Moss dünya ədəbiyyatında 55 sözdən ibarət qısa hekayə janrını gətirməklə də diqqət çəkib. Sizcə iri həcmli əsərlərdən qısa əsərlərə keçidin vaxtıdırmı?

- Əsərin uzun və ya qısa olması yazıçının ifadə etmək istədiyi məzmunla bağlıdır. Mən bir cümləlik ədəbi əsərlərdə özümü sınamamışam. Ümumiyyətlə, qısa yazmağı da nəsə xüsusi istedad hesab etmirəm. Düzdür, bəzən yerinə düşən cümlələr olur. Məsələn, 44 günlük Vətən müharibəsi zamanı bir ifadəyə rast gəldim: “Aşot tut yemədi getdi”. İlk baxışdan yumoristik görünsə də, bir balaca cümlə çox mətləblərdən xəbər verir. Kim bacarırsa, qısa yazsın. Həcm əsərdə forma məsələlərinə aid ola bilər, əsas odur ki yaddaşlarda iz buraxan məzmun olsun.

Son xəbərlər

Orphus sistemi