Yazan adam gərək sözü hiss eləsin, sözü və dili duymağı bacarsın.
“Report” xəbər verir ki, bu barədə tanınmış yazıçı, tərcüməçi Saday Budaqlı Report Media Məktəbinin tələbələri ilə görüşündə deyib.
S.Budaqlı Azərbaycan dilində olan söz ehtiyatının genişlənməsinin əhəmiyyətini vurğulayıb: ”Dili zənginləşdirmək lazımdır. Bəzi sözlər var ki, onların tərcüməsini tapmaq çox çətindir. Həll yolu olaraq hətta yad dillərdən gələn sözləri işlətmək, söz balansını artırmaq lazımdır. Bundan qorxmaq lazım deyil”.
Yazıçı öz əsərlərinin ictimai pafosdan uzaq olduğunu bildirib: "Mən doğmalıq yaratmaq istəyirəm. Şərt deyil ki, yazıçı bildiyi bütün sözlərdən istifadə edib qəliz cümlələr ilə hekayə yazsın. Sözləri ahəng ilə bir-birinin ardınca düzmək lazımdır. Hekayələrimdə kəskin süjetlər olmasa da, kəskin dönüşlər, sərt döngələr, qəfil gedişlər yetərincədir".
Qeyd edək ki, Saday Budaqlı 1955-ci il noyabrın 13-də Qazax rayonunda anadan olub. 1984-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1984-1989-cu illərdə "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1989-1993-cü illərdə Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi olub. 1993-2009-cu illərdə Azərbaycan Dövlət Radiosunda baş redaktor vəzifəsində çalışıb. Povest və hekayələrdən ibarət kitabları Bakıda və Moskvada Azərbaycan və rus dillərində çapdan çıxıb. Hekayələri Litva, ingilis, yapon, türk kimi dillərə də tərcümə olunub. Hazırda Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışır.
"Döngə", "Çat" kimi əsərlərin müəllifidir. 2015-ci ildə 60 yaşının tamamı münasibətilə nasirin "Yolüstü söhbət" kitabı işıq üzü görüb. Kitabda yazıçının "Zədə" romanı, povestləri, 1990–2000-ci illərdə yazdığı hekayələri toplanıb.