Tanınmış şairlərimizdən Salam Sarvanın Ukraynada “Boğulmaq da olmur, dayazdı dünya” (“İ potonuti nemojlivo, neqlibokiy çey svit”) başlıqlı kitabı nəşr olunub.
“Report” xəbər verir ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsi çərçivəsində nəşr edilən kitabın tərcüməçiləri ukraynalı şairə Lesia Mudrak və mərkəzin aparıcı mütəxəssisi Püstə Axundova, layihənin məsul katibi ukraynalı şairə və ictimai xadim Marina Honçarukdur.
M.Honçarukun fikrincə Dövlət Tərcümə Mərkəzi müasir dövrdə Ukrayna – Azərbaycan ədəbi əlaqələrinin inkişafında başlıca yer tutur: “Mərkəzin fəaliyyəti sayəsində ukraynalı oxucular həm müasir, həm də klassik Azərbaycan ədəbiyyatının nümunələrilə tanış ola bilirlər. Bu layihələr Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin, o cümlədən mədəni, ədəbi mübadilə baxımdan çox mühümdür. Bu layihə Ukrayna Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunda, filologiya universitetlərimizdə artıq böyük marağa səbəb olub. Məncə, bu layihə Ukraynada tərcüməçiliyin inkişafı üçün da əhəmiyyət daşıyır”.