Ədib ilk olaraq auditoriyanı düşünüb yazmalıdır.
“Report” xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, yazıçı Varis Yolçiyev Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.
O bildirib ki, auditoriyanı ələ almaq üçün xüsusi nöqtələr var:
“Kitab yazarkən yazıçının üç abzaslıq şansı olur ki, oxucunu ələ alsın. Bundan sonra ona istədiyini təqdim edə bilərsən. Bu günün yazıçısının ən böyük problemi kimin üçün yazdığını bilməməsidir”.
Ədib yaradıcılıqla bağlı fikirlərini də bölüşüb:
“Özünün ən güclü zərbələrini zəmanənin ən zəif anına saxla. Bu fikir mənim aforizmimdir. Mən yaradıcılığa gələndə cəmiyyətdə kitaba aclıq var idi. Baxmayaraq ki, ilk əsərimi 90-cı illərin sonunda yazmışdım, onu çap etməyim 2008-ci ildə baş tutdu. Anladım ki, zamanım yetişib. Sorğu aparmışdım, auditoriyanı tanıyırdım və bilirdim nə etmək lazımdır. “Sonuncu ölən ümidlərdir” kitabımı dərc elədim. Əsər su kimi içildi”.
V.Yolçiyev “Bir ovuc torpaq” romanına görə “Qızıl kəlmə” mükafatına layiq görüldüyünü vurğulayıb:
“Bir ovuc torpaq” mənim ikinci əsərimdir. “Sonuncu ölən ümidlərdir”dən sonra hiss etdim ki, cəmiyyətə Qarabağla bağlı bir əsər vermək lazımdır. “Bir ovuc torpaq” Milli Qəhrəman Mübariz İbrahimovun ən sevdiyi əsər olub. Bu əsər indi də məni qürurlandırır”.
Xatırladaq ki, V.Yolçiyev 1966-cı il iyunun 7-də Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “7 gün” qəzetində redaktor, “168 saat” qəzeti və Prezidentin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatında baş redaktor kimi fəaliyyət göstərib.
Beynəlxalq Yazıçılar Gildiyası, Azərbaycan Yazıçılar Birliyi, Rusiya Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın "Əməkdar jurnalisti". Soçidə (Rusiya) keçirilən LIFFT - 2019 Avrasiya Ədəbiyyat Festivalının laureatıdır. Hazırda “Ədəbiyyat və incəsənət” xəbər portalının baş redaktoru, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının Türk dövlətləri və türkdilli xalqlar üzrə katibidir.
“Sənə inanıram”, “Yetmiş yeddinci gün”, “Əzilmiş fotoşəkillər”, “Metamorfoz”, “Bir ovuc torpaq”, “Yol ayrıcında azıb qalanlar”, “Son məktub”, “Yaşıl üzlü gündəlik”, “Üçbucaq”, “Qızıl cib saatı”, “Qızıl ləçəklər” kimi əsərləri işıq üzü görüb.
“Sonuncu ölən ümidlərdir” kitabı yeddi dəfə nəşr olunmaqla Azərbaycanda ən çox satılan əsərlərdən biri kimi tanınır.