Yazıçı-fantast, jurnalist, publisist Aleksandr Həkimov Report Media Məktəbinin tələbələri ilə görüşüb.
“Report”un xəbərinə görə, o, yaradıcılıq sahəsində təcrübəsini bölüşüb, tələbələrə tövsiyələr verib.
Yazıçı hər sadə məsələdə nəsə bir qeyri-adi məqam axtardığını qeyd edib: “Mənim yazı üslubum belədir. Hər adi hadisəyə başqa bucaq altında baxıram. Fantastikadan yazan birisi kimi məsələyə realizm tərəfdən yanaşmıram”.
A.Həkimov delfin və ya qarışqaların davranışını öyrənməklə insan intellektini daha yaxşı anlamaq olduğunu vurğulayıb:
“Bir dəfə mənə televiziya verilişində sual verdilər ki, həyatınızda ən qeyri-adi müsahibəni kimlə edərdiniz. Mən də balinaların danışıq dilinin olduğunu bildirərək müsahibə onlarla keçirmək istədiyimi bildirdim. Kanada və ABŞ-da balına dilini anlamaq üçün xüsusi lüğət hazırlayan laboratoriyalar da var. Mən də bu sualları balina dilinə çevirib hidrofonla onlara yollayar, cavab gözləyərdim”.
Aleksandr Həkimov 1960-cı ildə Bakıda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirən Həkimov 1991-ci ilədək Elmlər Akademiyasının Botanika İnstitutunda baş laborant vəzifəsində çalışıb. 1991-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar mərkəzində çalışır. 2005-ci ildə beynəlxalq kinossenariçi kursunu bitirib.
A.Həkimov “Exo”, “Zerkalo”, “Nedelya”, “Strana”, “Azerbaydjanskiye izvestiya” kimi qəzetlərdə çalışıb, “Yurd”, “Gənclik”, “Stil”, “Literaturnıy Azerbaydjan” kimi jurnallarla əməkdaşlıq edib. Onlarla kitabın, yüzlərlə yazının müəllifidir. "Meymunsuz yaşamaq", “Amazonkaları istəmirəm”, “Messages”, “Titanlı” kimi əsərləri ilə tanınıb.