Bu gün Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Günü ilə münasibətilə Abşeron Milli Parkında "Açıq qapı" günü elan edilib və maarifləndirici və əyləncəli tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbir çərçivəsində "Mavi səma, təmiz hava - bizi birləşdirən həllərə doğru" çağırışı ilə qaçış marafonu, veloyürüş, təlimlər, masterklass, viktorina, yoqa, musiqili proqram, rəsm çəkilişi, uşaq guşəsi kimi maraqlı və interaktiv proqramlar təşkil edilib.
Ziyarətçilərin diqqətinə çatdırılıb ki, 7 sentyabr - Mavi səma üçün təmiz hava günü hava keyfiyyətinin yaxşılaşdırılması, atmosferə atılan tullantıların azaldılması və cəmiyyətin bu mövzuda maarifləndirilməsi məqsədilə təsis olunub.
Tədbirdə jurnalistlərə açıqlama verən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu günün 2020-ci ildən bütün dünyada, o cümlədən də Azərbaycanda da qeyd olunduğunu vurğulayıb.
Nazir müavini deyib ki, məqsəd qlobal iqlim dəyişmələrinə ictimaiyyətin diqqətinin artırılması və bu sahədə təşəbbüslərin dəstəklənməsidir:
"Bu məqsədlə Abşeron Milli Parkında qaçış yarışı keçirildi, həm atletlər, həm də əməkdaşlıq etdiyimiz qurumların nümayəndələri iştirak etdi. Bütün yaş kateqoriyalarından iştirakçılar var. Məqsədimiz cəmiyyəti havanın təmiz saxlanılması üçün həmrəyliyə dəvət etməkdir".
V.Kərimov xatırladıb ki, qlobal iqlim dəyişmələri dünyanın ən çox müzakirə olunan mövzularındandır:
"Qaçış yarışının məqsədi insanları piyada gəzintilərə təşviq etmək, qlobal iqlim dəyişikliklərinin təsirinin azaldılmasına töhfə verməkdir. Atmosferi tullantılarla çirkləndirən nəqliyyat vasitələrindən nə qədər az istifadə etsək, atmosfer havası da bir o qədər təmiz qalar".
Bu il Azərbaycanda COP29 tədbirinin keçiriləcəyini qeyd edən nazir müavini dünyanın 200-dən çox ölkəsindən 60-70 min iştirakçının bu tədbirə qatılacağını söyləyib:
"Düşünürük ki, həm qlobal istiləşməyə, həm də qlobal iqlim dəyişikliklərinin təsirinin azaldılmasına Bakıda keçiriləcək COP tədbirinin, müzakirə olunacaq məsələlərin və alınacaq qərarların müsbət təsiri olacaq. Bu tədbir də COP çərçivəsində görüləcək tədbirlərdən biridir" -V.Kərimov əlavə edib.
Tədbirin təşkilatçılarından olan Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov isə bildirib ki, Mavi səma üçün təmiz hava tədbirinin əsas məqsədi həm gəncləri, həm də könüllüləri idman və ayrı-ayrı ekoloji aksiyalar vasitəsilə ekoloji problemlərə yönəltməkdir:
"Gənclərlə ekoloji problemlərin həllində birgə fəaliyyətdə olmaq və bunun müsbət nəticələrini gələcək nəsillərə ötürmək niyyətindəyik.
Eyni zamanda ayrı-ayrı masterklasslar vasitəsilə gənclərimizə təbliğatlar göstərilib. Bunlar vasitəsilə maksimum çalışacağıq ki, həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə ekoloji problemlərin həllində gənclər fəal olsunlar".