Hüquqi alətlər və qanunvericilik iqlim dəyişikliyi sahəsində vacib bir mövqedədir və hüquqşünaslar iqlim ədalətinin təmin edilməsi üçün səylərini daha da artırmalıdır.
"Report" xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Hüquq və iqlim" adlı beynəlxalq konfransın açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, İqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir:
"Bu problem təkcə ətraf mühitin və təbiət resurslarının qorunması ilə bağlı deyil, həm də insan hüquqları, iqtisadiyyat və sosial ədalət məsələlərini də əhatə edir. İqlim dəyişikliyi nəticəsində baş verən təbii fəlakətlər, əkin sahələrinin azalması, su qıtlığı və sair problemlər, bir çox ölkələrdə insan hüquqlarının pozulmasına səbəb olur. İqlim dəyişikliyi, ən həssas vətəndaş qruplarına təsir edərək onların yaşayış şərtlərini daha da çətinləşdirir, yoxsulluğu artırır və bərabərsizliyi daha da dərinləşdirir. Bu mənada, hüququn iqlim dəyişikliyinə qarşı mübarizədə rolu əvəzolunmazdır."
A.Bağırovun sözlərinə görə, hüquqi alətlər və qanunvericilik bu sahədə vacib bir mövqedədir və hüquqçular olaraq, iqlim ədalətinin təmin edilməsi üçün səylərini daha da artırmalıdır. O bildirib ki, Bu, yalnız milli səviyyədə deyil, eyni zamanda beynəlxalq səviyyədə də əməkdaşlıq və hüquqi çərçivələrin gücləndirilməsi ilə mümkündür.
"Azərbaycan bu məsələdə qlobal səylərə qoşulmuş, beynəlxalq iqlim razılaşmalarını dəstəkləmiş və davamlı inkişaf hədəflərinə sadiqliyini nümayiş etdirib. Sağlam ətraf mühitdə yaşamaq hüququ, insan hüquqlarının ayrılmaz hissəsidir. Konstitusiyamızın 39-cu maddəsi hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin edir. Məhz bu Konstitusion müddəa dövlətimizin ətraf mühitin qorunmasına və gələcək nəsillər üçün dayanıqlı inkişafın təmin edilməsinə olan sadiqliyini göstərir. Bu hüquq, insanların təmiz hava, təmiz su və sağlam təbii şəraitdə yaşamaq hüququna malik olduqlarını təsbit edir. Lakin iqlim dəyişikliyi, bu hüququn reallaşdırılmasına ciddi təhdid yaradır. İqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası, təbii fəlakətlər və resurs çatışmazlığı kimi hallarla birbaşa əlaqəlidir ki, bu da ən əsas insan hüquqlarının, o cümlədən yaşamaq, sağlamlıq hüquqlarının pozulmasına gətirib çıxarır", - o deyib.