"Bu həftə ərzində ölkə ərazisinə cənub-şərqdən quru və qızmar hava axınlarının daxil olacağı gözlənilir. Nəticədə günəşli və anomal isti hava şəraitini təyin edən azhərəkətli hava kütləsi bərqərar olacaq".
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, günəşli gündüzlərin davamlı olması da havanın maksimum qızması üçün şərait yaradacaq: "Sutkalıq temperatur normasından xeyli yüksək olan anomal güclü istilərlə əlaqədar bu günlərdə açıq havada olarkən kölgəli yerlərdə olmağa çalışın. Belə istilərdə günvurma və istivurma ehtimalı adətən yüksək olur. Zəif və mülayim cənub-şərq küləkləri üstün olacaq".
U.Tağıyeva yüksək temperatur rekordlarının yenilənəcəyinin gözlənildiyini bildirib: "Həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40, bəzi yerlərdə 44 dərəcəyədək çatacağı gözlənilir".
Xidmət rəisi əlavə edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39 dərəcəyədək yüksələcək: "Unutmayaq ki, beynəlxalq metodlara əsasən havanın temperaturu kölgədə ölçülür və böyük şəhərlərdə asfalt-beton örtük istilik effektini daha da artırır. Bu səbəbdən də şəhərin bəzi yerlərində 40-42 dərəcə hiss ediləcək. İlkin hesablamalara əsasən həftənin sonunda güclü istilər bir qədər azalacaq".