Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar Bakı şəhəri Xocasən gölü ətrafında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, "Cəmiyyətin və Medianın İnkişafı" İctimai Birliyinin rəsmiləri və media nümayəndələri iştirakı ediblər.
Aksiya zamanı 500-dən artıq şam və zeytun ağacları əkilib.
Qeyd olunub ki, dövlət və özəl təşkilatların, QHT, media və ictimaiyyət nümayəndələrinin ağacəkmə kampaniyalarına yüksək fəallıqla qoşulması artıq bir ənənə halını alıb və hər kəs bu cür aksiyalarda yaxından iştirak edərək ölkədəki yaşıllıqların artırılmasına töhfə verir.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, bu, onların növbəti layihəsidir: "Belə layihələrin davamlı olması planlaşdırılır. Ağacəkmə kampaniyası həm mənəvi, həm də bütün medianın, dövlət qurumlarının birgə həmrəyliyinin təcəssümüdür. Hesab edirəm ki, mediamız bundan sonra da daha aktiv olacaq".
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, bu gün Xocasən gölü ətrafında 75 hektara yaxın ərazidə Abşeron iqliminə uyğun ağac əkilib. Onun sözlərinə görə, əkilən ağaclar arasında zeytun ağacı üstünlük təşkil edib.