Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi ev 28D-nin qarşısında işıq kabelləri ağacların arasında qalıb.
Sakinlərin sözlərinə görə, güclü külək olduğundan kabellərin ağaca dolaşması ev 28 D-də yaşayan və həmin ərazidən keçən insanların həyatı üçün təhlükə yaradır.
Həmin ünvanda yaşayan ailə sözügedən problemlə bağlı, “Azərişıq” ASC-yə müraciət edib. Problemin olduğu ərazidə baxış keçirən “Azərişıq” nümayəndələri ağacın kəsilməsini və məsələyə Binəqədi Rayon İcra Hakimiyyətinin cavabdeh olduğunu bildirib. İcra Hakimiyyətinə müraciət ünvanlayan ailə problemin həlli istiqamətində heç bir uğurlu cavab almayıb.
“Report” məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxlamağa çalışıb. RİH-dən məsələyə “Azərişıq”ın cavabdeh olduğu bildirilsə də, daha sonra məsələyə baxılacağı və bununla bağlı İcra Hakimiyyətinin Ekologiya şöbəsinin işə cəlb olunacağı bildirilib.