“Ermənistanda aparılan dağ-mədən sənayesi işləri qeyri-şəffaf və heç bir hesabatlılığı olmadan həyata keçirilir. Uzun illərdir ki, beynəlxalq ictimaiyyət buna heç bir reaksiya göstərmir”.
Bu sözləri “Report”a açıqlamasında bu gün elan edilmiş “Environmental Protection First” (EPF) Koalisiyasının təsisçilərindən olan Sağlamlığa Xidmət” İctimai Birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva deyib.
O, bu yaxınlarda həm Azərbaycanda, həm də xaricdə səhiyyə və ekologiya sahələrində fəaliyyət göstərən QHT-lərlə birgə beynəlxalq təşkilatlara və Birləşmiş Millətlər Təşkilatına (BMT) bəyanat göndərdiklərini xatırladıb:
“Ermənistanın baş naziri Nikol Paşinyana da ətraf mühitə çox böyük təsir göstərən dağ-mədən sənayesi işlərinin təcili şəkildə dayandırılması üçün açıq məktub göndərmişdik. Təəssüflər olsun ki, qarşı tərəfdən məktubumuza heç bir reaksiya verilməyib. BMT-yə müraciətimizdə bildirmişdik ki, ətraf mühitin qiymətləndirilməsi üçün monitorinq qrupu təşkil edilsin, ekspertiza yaradılsın. BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi tərəfindən heç bir tədbir görülmədi. Ona görə də fikirləşdik ki, həm səhiyyə, həm də ekologiya sahəsində dağ-mədən fəaliyyəti üzrə belə bir təcrübəsi olmuş qeyri-hökumət təşkilatları olaraq daha səmərəli fəaliyyət göstərmək üçün güclərimizi birləşdirək və “Environmental Protection First” (EPF) adlı koalisiya yaradaq”.
Koalisiyanın ətraf mühitin qorunması məqsədilə yaradıldığını vurğulayan P.Vəliyeva deyib ki, təşkilatla əməkdaşlığa yerli və xarici QHT-lər, özəl təşkilatlar, şirkətlər cəlb ediləcək.
“İlkin olaraq fəaliyyətimizə Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin tam mətnini ən qısa müddətdə öz rəsmi internet saytlarına yerləşdirməsi və ya ictimaiyyətə elan etməsinə çağırmaqla başlayırıq. Çünki bunlar açıq sənədlər olmalıdır və saytlarda yerləşdirilməlidir, o cümlədən media vasitəsilə ictimaiyyət də məlumatlandırılmalıdır. Biz bu formada tələblərimizi irəli sürəcəyik”, - QHT sədri əlavə edib.