Bu ay Bakıda qeydə alınan isti iqlim normasından 7 dərəcə yüksək olub

Bu ay Bakıda qeydə alınan isti iqlim normasından 7 dərəcə yüksək olub “Bakıda temperatur 25-30 dərəcə intervalında dəyişəcək”
Ekologiya
17 May , 2021 17:08
Bu ay Bakıda qeydə alınan isti iqlim normasından 7 dərəcə yüksək olub

“Yazın son ayı mayda adətən insanlar üçün hava temperaturunun ən komfort göstəriciləri müşahidə edilir. Bu ilin may ayının birinci yarısında havanın orta sutkalıq temperaturu 17 dərəcəyə yaxın olub ki, bu da normadan 0,9 dərəcə yüksəkdir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onu sözlərinə görə, son 10 il ərzində isə may ayında havanın orta aylıq temperaturu iqlim normasından 1 dərəcədən 3,2 dərəcəyədək yüksək olub: “Bu ilin may ayının 15-dən Abşeron yarımadasında havanın maksimal temperaturu artıq 32-35, mərkəzi-aran rayonlarında 32-36, dağlarda 22-24, Naxçıvan Muxtar Respublikasında 27-32 dərəcəyə kimi yüksəlib. Bakıda isə qeydə alınan 32,7 dərəcə isti may ayının iqlim normasından 7,6 dərəcə yüksək olsa da, bu ay üçün ən isti hava 2007-ci ilin ayın 29-da olub və həmin gün havanın maksimal temperaturu 35,5 dərəcəyədək qalxıb”.

U.Tağıyeva qeyd edib ki, bu ilin may ayının birinci yarısında düşən yağıntının miqdarı Qazax-Gəncə zonasında 27-68 mm (aylıq normanın 76 faizi), Balakən-Şəki zonasında 16-128 mm (aylıq normanın 71 faizi) , Mərkəzi-aran zonasında 9-89 mm (aylıq normanın 65 faizi), Tərtərdə 89 mm (aylıq normanın 172 faizi), Lənkəran-Astara zonasında 22-40 mm (aylıq normanın 59 faizi) olub:

“Bakıda və Abşeron yarımadasında yarım ay ərzində 11 mm-dək düşən yağıntı aylıq normanın 58 faizini təşkil edir. Çoxillik meteoroloji müşahidələrə görə 1963-cü ilin may ayında Bakı şəhərində yağıntıların miqdarı 106 mm-ə çatıb ki, bu da çoxillik normadan 5,4 dəfə çoxdur”.

Xidmət rəisi əlavə edib ki, yaxın günlərdə havanın küləkli keçməsi temperaturun bir neçə dərəcə aşağı enməsinə səbəb olacaq:

“Bakıda temperatur 25-30 dərəcə intervalında dəyişəcək”.

Son xəbərlər

Orphus sistemi