“Hazırda kürüləmə ilə bağlı ölkədə balıq ovu qadağandır. Torların yığılması avqustun 31-dək davam edəcək. Bu səbəbdən sentyabrın 1-dən balıq ovuna icazənin verilməsi nəzərdə tutulur”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, bu ilin ötən dövrü ərzində ölkədə 15 min metrdən çox sintetik tor yığılıb: “Halbuki bu rəqəm keçən il 2-3 dəfə çox idi. Bu il ümumilikdə brokenyerlik və qanunsuz torların miqdarı azalıb. Qanunsuz balıq ovu adətən Kür çayı hövzəsində qeydə alınır. Çünki vətəndaşlar orada ənənəvi balıq ovu ilə məşğul olublar”.
H.Əlizadə qeyd edib ki, sintetik torlar 90 faiz halda xaricdən gətirilir: “Çünki ölkədə bu torların istehsalı kimsəyə sərf etməz. Balıq ovu ilə daha çox yerli vətəndaşlar məşğul olurlar. Son iki ildə ölkəyə gələn əcnəbilərin sayı azdır. Onlar da adətən ovçuluqla məşğul olublar. Bu ilin birinci birinci rübü ərzində qanunsuz balıq ovu ilə bağlı təxminən 15-ə yaxın cinayət tərkibli iş aidiyyəti üzrə təqdim olunub”.
Xidmət rəsmisi vurğulayıb ki, Xəzər dənizində son 10-15 ildə kilkə balıqlarının sayında azalma müşahidə olunur: “Kilkə balıqları bir çox balıqların yem növüdür. Nərə balıqlarının da yemi kilkə olduğundan onların sayı da dəfələrlə azalıb. Eyni zamanda bölgə balığı, uzunburun balığının (nərəkimilər dəstəsi) sayı da 3-4 dəfə azalıb”.
“Hazırda ov mövsümü üçün nəzərdə tutulan heyvanların sayımına başlanılıb. Elə növlər var ki, həssas qrupa aiddir və ovlanmasına icazə verilməyə bilər. Buna Dağıstan turunu misal çəkmək olar. Çünki qonşu ölkələrdə bu heyvanların demək olar ki, hamısını brokenyerlər ovlayıb. Azərbaycanda isə beynəxalq mütəxəsislərin iştirakı ilə bu heyvanın sayılması prosesi gedir”- deyə nazirlik rəsmisi əlavə edib.