“Oktyabrın 19-da və 20-də Cəbrayıl ərazisinə buraxılan ceyranların yırtıcı heyvanların hücumuna məruz qalma təhlükəsi yüksək deyil, minalar isə onlara böyük risklər yaratmır”.
Bunu “Report”a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini xatırladıb ki, həssas ekosistemlərin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması üçün əsas fəaliyyətlərdən hesab olunan reintroduksiya layihələri davam etdirilir:
“Həmin layihələr çərçivəsində oktyabrın 19-da və 20-də 18 və 15 baş olmaqla ümumilikdə, 33 ceyran Cəbrayıla buraxılıb. Məqsəd həmin ərazilərdə tarixən mövcud olan ceyran populyasiyalarının bərpasıdır. Ceyranların ölkənin təbii areallarına reintroduksiya prosesi sonrakı dövrlərdə də davam edəcək. İlkin mərhələdə prosesi müşahidə etmək üçün həmin ceyranları təbiətə buraxdıq. Onlar özlərinə yaşayış məskəni seçdikləri ərazilərə növbəti mərhələdə qrup şəklində ceyranların köçürülməsi layihəsi baş tutacaq”.
O qeyd edib ki, təbiətə buraxılan ceyranların yem bazasına gəlincə, ceyranların buraxıldığı ərazilər boş sahələrdir və həmin yerlər məskunlaşma üçün uyğundur: “Əgər ceyranlar həmin ərazilərdə məskunlaşsa onların kifayət qədər yem bazası olacaq ki, növbəti dövrlərdə populyasiyasını bərpa edə bilsin. Ceyranlar üçün azad edilmiş ərazilərdə adətən iki təhlükə - biri yırtıcı heyvanların hücumu, digəri isə mina partlaması məsələsi var. Yırtıcı heyvan (canavar və qismən çaqqal) hücumuna məruz qalma təhlükəsi Şirvan Milli Parkında da mövcuddur”.
“Bildiyimiz kimi, ceyranlar cəld tərpəndikləri üçün qaçanda böyük sürət (saatda 60 km) yığa bilir. Çox nadir hallarda canavarlar sağlam ceyranı ovlaya bilirlər. Canavar və digər yırtıcı heyvanlar bu sürəti yığa bilmədiklərinə görə yem kimi istifadə etdikləri xəstə ceyranlardır. Nəzərə almaq lazımdır ki, ceyranların buraxıldığı ərazilərdə 30 il müddətində nəinki təbiətə, eləcə də bioloji müxtəlifliyə ciddi ziyan dəyib. Həmçinin yırtıcılar da demək olar yoxa çıxıb. Çox nadir hallarda həmin heyvanlara rast gəlmək olar”, - V.Kərimov vurğualyıb.
Mina təhlükəsinə toxunan nazir müavini xatırladıb ki, Cəbrayılda da belə təhlükəli ərazilər var: “Lakin digər azad olunan ərazilərlə müqayisədə burada vəziyyət daha sabitdir. Cəbrayılda böyük bir ərazi məhz bu layihə üçün təmizləndi. Hesab edirik ki, orada minaların sayının azlıq təşkil etməsi, eyni zamanda ceyranların daha az çəkili olması böyük risklər yaratmır. İndiki müddətdə bu layihənin həyata keçirilməsi çox vacibdir. Orada hələ insanların məskunlaşması həyata keçirilməyib, böyük infrastruktur layihələr həyata keçirilməyib və bu da bizə imkan verəcək ki, təbiətə buraxılan ceyranları müşahidə etməklə onların məskunlaşacağı yeri müəyyənləşdirək. İki baş ceyran boyunlarına xüsusi GPS-lər yerləşdirilib. Onları izləməklə həm ceyranların davranışını, həm də yaşayış məskənlərini təyin edə biləcəyik”.
Qeyd edək ki, hazırkı dövrədək ümumilikdə 293 baş ceyran ölkənin təbii areallarına reintroduksiya edilib və aparılan son sayğı monitorinqlərinin nəticələrinə görə, Azərbaycanda 7000-dən artıq ceyran fərdinin yayılması qeydə alınıb.