Azərbaycanın su ehtiyatlarının daxildən təmin edilməsi üçün işlər aparılmalıdır.
"Report" xəbər verir ki, bunu texnika elmləri doktoru Əhməd Məmmədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş "Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası" III Beynəlxalq elmi-praktiki konfransında deyib.
O qeyd edib ki, Azərbaycanı yaxın gələcəkdə böyük su imtahanı gözləyir:
"Azərbaycanda iqlim dəyişikliyini nəzərə alsaq, bu gün su qıtlığı var. 2050-ci ilə qədər bu proses davam edəcək. Ona görə də Azərbaycanın su ehtiyatlarının daxildən təmin edilməsi üçün işlər aparılmalıdır. Yerli çayların su ehtiyatlarından maksimum istifadə etməliyik".
O əlavə edib ki, çaylar üzərində su anbarı tikilsə, ərazidə yaşayan əhalinin su ehtiyatlarını təmin etmək mümkün olacaq, həm də kənd təsərrüfatı üçün lazımi su mənbəyi yaranacaq.