Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, bu günədək işğaldan azad edilmiş rayonların geoloji xəritələri təftiş edilib, fond məlumatlarına əsasən mövcud olmuş mineral xammal ehtiyatlarının balansı yenidən qiymətləndirilib. Bu rayonlarda mövcud olan 167 yatağın kadastr işləri icra edilib, işğal dövründə talan edilən 52 yatağın təftişi və monitorinqi aparılıb, dəymiş ziyanın ilkin qiymətləndirilməsi aparılıb. Yeraltı su mənbələrinin öyrənilməsi istiqamətində Ağdam rayonunda 523, Füzuli rayonunda 68 quyu təftiş edilib. İşğaldan azad edilən ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün bu rayonlarda yerli tikinti və inşaat materialları ehtiyatları qiymətləndirilmiş, bərpa-quruculuq işlərində istifadə üçün təklif edilib.
İşğaldan azad edilən ərazilərdə meşəsalma tədbirlərini nəzərdə tutan “2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı” hazırlanmışdır. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulur. Bu ilin əvvəlindən Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın, Xocavənd rayonlarının ərazilərində ümumilikdə 20 minə qədər ağac tingi əkilib, eləcə də 2 tona yaxın Palıd və Şərq çinarı toxumları səpilib. Meşəsalma ilə bağlı planlaşdırılan ərazilərin minalardan təmizlənməsindən sonra genişmiqyaslı meşə əkini tədbirləri həyata keçiriləcək.
Eyni zamanda hidrometeoroloji fəaliyyətin bərpası sahəsində görülən işlər barədə qrup üzvlərinə məlumat verilib. İşğaldan azad edilən ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoroloji (radar), 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulub. Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 2022-ci ilin aprel ayınadək 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın qurulması işləri başa çatdırılacaq.
Görüşdə həmçinin “Azərsky” peyk təsvirlərindən istifadə edilməklə işğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlər, o cümlədən kənd təsərrüfatı sahəsində payız əkinləri üçün şumlanan ərazilər, bu ərazilərin rayonlar üzrə statistikası üzrə görülən işlər haqqında qrup üzvlərinə məlumat verilib.
Qrup fəaliyyəti İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirilir.