Dünən ölkə ərazisində transsərhəd, eyni zamanda güclü şimal-qərb küləkləri nəticəsində lokal xarakterli çirklənmə müşahidə edilib.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, ötən gün Bakı şəhərinin Xətai rayonunda günün bəzi saatlarında havada tozun miqdarı 5.9, Nizami rayonunda 7.2, Səbail rayonunda 8.4, Gəncə şəhərində isə normadan 2.9 dəfə yüksək olub: "Avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən, bu gün səhər saatlarında havada qaz qarışıqlarının və dispers toz hissəciklərinin konsentrasiyaları norma daxilindədir. Sinoptik şəraitlə əlaqədar gün ərzində zəif çirklənmə səviyyəsi proqnozlaşdırılır".