Kür çayının Salyan rayonundan keçən bəzi hissələri quruyub.
Bu barədə "Report"un Muğan bürosuna yerli sakinlər məlumat verib.
Onların bildirdiyinə görə, son günlər çayda suyun səviyyəsinin sürətlə azalması müşahidə olunur.
Həmçinin bu vəziyyət sahilboyu quraşdırılmış su nasoslarının tam gücü ilə işləməsində və əkin sahələrinin suvarılmasında problemlər yaradıb. Eyni zamanda bu hal ekoloji fəlakətə də səbəb olub. Belə ki, çaydakı kiçik və böyük balıqlar məhv olur.
Ekspertlərin sözlərinə görə, yarana biləcək su çatışmazlığına qarşı indidən ciddi tədbirlər görülməlidir. Əks təqdirdə Kür ətrafının sakinləri içməli su qıtlığından yenə də əziyyət çəkəcəklər.