"Təəssüf ki, törədilmiş ekoloji terror nəticəsində Qarabağ və Şərqi Zəngəzur regionunda irimiqyaslı zərər görmüş təbiət, mina və partlamamış hərbi sursatların mövcudluğu baxımından növbəti fəsadlarla qarşılaşır. Belə ki, mina təhlükəsi ilə əlaqədar ekosistemin bərpası istiqamətində tədbirləri istədiyimiz sürətlə apara bilmirik".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, işğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib: "Meşələrin bərpası ilə bağlı proqram hazırlanıb və meşəbərpa işlərinin sürətlə aparılması üçün imkanlarımız var. Əlbəttə ki, bu proses minatəmizləmə planı ilə uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında təmizlənmiş sahələrdə bu işlərə başlanılıb".
Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərk tullantıların müasir tələblərə uyğun idarə olunması üçün geniş infrastruktur şəbəkəsi yaradılır: "Rayonlar üzrə poliqon əraziləri müəyyən edilmiş, bu ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənib. Yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib. Artıq Ağdam və Cəbraıl rayonlarında tikinti tullantılarının emal olunaraq təkrar istifadə edilməsi məqsədilə avadanlıq alınaraq ərazidə yerləşdirilmiş və bu işlərə başlanılıb. 1 noyabr 2023-cü il tarixinədək 20 min tona yaxın belə tullantı emal edilib".